Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdan 25 manata endirilir.
YENİERA.AZ xəbər verir ki, bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması təklif olunur.
Qüvvədə olan qanuna əsasən, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1 000 manatadək qiymətləndirilən iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olduqda isə əlavə olaraq iddianın bir faizi miqdarında (məsələn, iddia tələbi 2 000 manat olduqda 40 manat) dövlət rüsumu müəyyən edilir.
Qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında müəyyən edilir. Təklif olunur ki, bu rüsum (dövlət rüsumunun 50 faizi) qiymətləndirilən iddialara münasibətdə ilkin iddianın bütövlükdə məbləğinin 50 faizinə deyil, yalnız mübahisələndirilən hissəsinə şamil edilsin. Bu, şikayət verən şəxsin rüsum yükünün azalmasına və rüsumun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanmasına səbəb olacaq.

