Bakının 2040-cı ilədək Baş Planı paytaxtın gələcək simasını dəyişməklə yanaşı, daşınmaz əmlak və torpaq bazarında da yeni tendensiyalara yol aça bilər. Sənəddə Binəqədi, Hövsan, Zığ, Mərdəkan, Qala, Buzovna və digər ərazilərdə yaşayış potensialının artırılması, yeni infrastrukturun qurulması, köhnə yaşayış fondunun yenilənməsi nəzərdə tutulur.
“Bakı 2040 Baş Plan” daşınmaz əmlak bazarında hansı dəyişikliklərə səbəb olacaq? Vətəndaşlar torpaq və mənzil alarkən nələrə diqqət etməlidirlər?
Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, paytaxtda söküntülər əsasən iki istiqamətdə həyata keçirilir:
“Dövlət ehtiyacları üçün: Həmin ərazilərdə yeni parkların salınması, infrastrukturun və avtomobil yollarının çəkilməsi nəzərdə tutulur.
Özəl sektor tərəfindən: istismar müddətini bitirmiş və qəza vəziyyətində olan köhnə çoxmərtəbəli yaşayış binalarının bir hissəsi özəl tikinti şirkətləri tərəfindən sökülərək yerində yeni binalar inşa edilir.
Paytaxt ərazisində aparılan kütləvi söküntülər bir çox sakinin məcburən Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu da öz növbəsində Bakıətrafı ərazilərdə yeni yaşayış massivlərinin genişlənməsinə və infrastruktur tələbatının artmasına gətirib çıxarıb.
Nəqliyyat və infrastrukturun inkişafı: Baş plana uyğun olaraq paytaxtın bir çox ərazilərində yeni dəmir yolu xətlərinin və avtobus marşrutlarının çəkilişi həyata keçirilir. Xüsusilə Abşeron və digər ətraf ərazilərdən mərkəzə doğru yeni dəmir yolu xətlərinin çəkilişinə start verilib. Bu tədbirlər həmin ərazilərdə daşınmaz əmlaka, torpaq sahələrinə və fərdi yaşayış evlərinə olan tələbatı əhəmiyyətli dərəcədə artıracaq”.
Daşınmaz əmlak bazarında qiymət artımına gəlincə, ekspert bildirib ki, paytaxtda qiymət artımı sürətlə davam edir və bunu şərtləndirən amillər var:
“Mərkəzi ərazilərdə ucuz mənzillərin azalması: Köhnə yaşayış fondunun sökülməsi mərkəzdəki ucuz əmlakların sayını azaldır və nəticədə digər bahalı əmlaklara tələbat artır.
Torpaq sahələrinin məhdudluğu: Yeni çoxmərtəbəli binaların tikintisi üçün münbit torpaq sahələrinin az olması və ya mövcud torpaqların daha baha başa gəlməsi tikinti dəyərini yüksəldir.
İnvestisiya meylləri: Xüsusilə investorlar yaxın gələcəkdə söküntü ehtimalı yüksək olan və ya mərkəzlə birbaşa avtobus və digər nəqliyyat əlaqəsi qurulan Bakıətrafı ərazilərdə torpaq sahələri alaraq yatırımlar edirlər”.

