Leninqrad vilayətində avqustun 10-da itkin düşən vəkil Şamil Axayev ölü tapılıb.
Yeniera.az “Baza”ya istinadən xəbər verir ki, Axayevin meyiti beş gün davam edən axtarışlardan sonra meşəlik ərazidə aşkarlanıb.
Meyitdə boğulma izlərinin olduğu bildirilir.
Vəkil Şamil Axayev avqustun 10-da itkin düşüb. Həmin gün o, Repino qəsəbəsinə gedərək dostu ilə restoranda görüşməyi planlaşdırıb. Bir neçə saat sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Restoran əməkdaşları Axayevin yaxınlarına onun həmin məkana gəlmədiyini bildiriblər.
Yaxınlarının sözlərinə görə, Axayev peşə fəaliyyəti ilə əlaqədar ona təhdidlər gəldiyini deyib. Son vaxtlar o, izlənilməkdən ehtiyat etdiyi üçün çatdırılma xidmətlərindən istifadə etməyib, taksi sifarişlərini isə oğlunun telefonundan verib.
Şamil Axayev Sankt-Peterburq vəkili olub. O, bir sıra digər böyük cinayət işləri də daxil olmaqla, geniş rezonans doğuran məhkəmə proseslərində iştirakı ilə ictimaiyyət arasında tanınıb.
Hadisənin dəqiq səbəbləri və vəkilin ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.
Musavat.com


