Belarus Prezidenti Alexander Lukashenko Sülh Şurasının növbəti iclasında şəxsən iştirak etməyi planlaşdırır.
Yeniera.az xəbər verir ki, bu barədə BelTA agentliyi Lukaşenko ilə ABŞ-ın xüsusi elçisi John Cole başda olmaqla nümayəndə heyəti arasında keçirilən görüşdən sonra məlumat yayıb.
Dövlət başçısı jurnalistlərə açıqlamasında 19 fevralda Vaşinqtonda baş tutan ilk görüşə qatılmamasının səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, ABŞ tərəfi səfər üçün ciddi şəkildə israr etsə də, müəyyən səbəblər buna imkan verməyib.
“Onlara açıq və dürüst şəkildə niyə iştirak edə bilmədiyimi dedim. Bu, sadəcə cədvəlimlə bağlı məsələ deyildi”, – deyə Lukaşenko bildirib.
Prezident vurğulayıb ki, ABŞ-a səfərin baş tutmamasının əsas səbəbi ölkənin Silahlı Qüvvələrində keçirilən genişmiqyaslı və qəfil döyüş hazırlığı yoxlaması olub. O, bu təlimlərin qonşu ölkələrə – Polşa, Litva və ya Ukraynaya qarşı yönəldiyi barədə iddiaları qətiyyətlə təkzib edib.
“Xeyr, biz bunu özümüz üçün edirik. Ordumuzun vəziyyətini görmək istəyirəm”, – deyə o əlavə edib.
Qeyd edək ki, Lukaşenko daha əvvəl ABŞ prezidenti Donald Trump administrasiyası ilə “böyük razılaşma” əldə etməyə hazır olduqlarını da bəyan etmişdi.
YENİERA.AZ

