Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Gündəm

Rasim İsmayılov yeni nazirin islahatlarını sabotaj edir? — Sensasion iddialar

Rasim İsmayılov yeni nazirin islahatlarını sabotaj edir? — Sensasion iddialar

Səhiyyə Nazirliyində yeni rəhbərlik tərəfindən islahatların aparıldığı bir vaxtda köhnə rəhbərliyin təyin etdiyi nazir müavini Rasim İsmayılovun fəaliyyəti ilə bağlı diqqətçəkən iddialar gündəmə gəlib.

Demokrat.az-a daxil olan məlumatlara görə, bir vaxtlar Səhiyyə Nazirliyində satınalma proseslərinə ciddi təsir imkanlarına malik olmuş Rasim İsmayılovun son iki ildə əvvəlki nazir Teymur Musayevlə münasibətlərində də ciddi problemlər yaşadığı bildirilir.

İddialara görə, onun fəaliyyəti ilə bağlı narazılıqlar əvvəlki rəhbərlik dövründə də mövcud olub. Belə ki, vaxtilə Səhiyyə Nazirliyində bütün satınalmaları himayə edən nazir müavini Rasim İsmayılov son 2 ildir ki, öz yarıtmaz əməllərinə görə əvvəlki nazir Teymur Musayevin qəzəbinə tuş gəlibmiş.

Hazırda isə yeni nazir Anar Bayramovun rəhbərliyi altında səhiyyə sistemində mümkün struktur və idarəetmə dəyişiklikləri müzakirə olunduğu ərəfədə Rasim İsmayılovun keçid dövrünün yaratdığı bəzi boşluqlardan sui-istifadə etməyə çalışdığı deyilir.

Nazir müavininin yeni idarəetmə modelində əvvəlki mövqeyini qoruyub saxlaya bilməyəcəyini anladığı üçün əvvəllər himayə etdiyi deyilən şirkətlərin təcili olaraq dövlət satınalmalarında qalib gəlməsinə çalışdığı iddia olunur. Amma səhiyyə sistemi birbaşa əhalinin sağlamlığına və dövlət büdcəsinə təsir edən strateji sahə olduğu üçün Rasim İsmayılovun bu əməlləri yeni nazirin fəaliyyətinə sabotaj olmaqla yanaşı əhalinin sağlamlığı və büdcə vəsaitlərinin dağıdılmasına da bilavasitə təsir göstərmək kimi qiymətləndirilir. Əgər bu iddialar təsdiqini taparsa, o zaman söhbət yalnız vəzifəli adamın şəxsi maraqlarından deyil, həm də dövlət satınalmalarının şəffaflığına, büdcə vəsaitlərinin səmərəli istifadəsinə və səhiyyə sistemində aparılması nəzərdə tutulan islahatlara müdaxilə cəhdləri qanunla yolverilməzdir.

Bununla yanaşı, səhiyyə sahəsində satınalmalar digər sektorlardan fərqli olaraq birbaşa əhalinin sağlamlığı ilə bağlıdır. Dərman vasitələrinin, tibbi avadanlıqların və digər zəruri ləvazimatların alınmasında mümkün qanunsuzluqlar və keyfiyyətsiz satınalmalar ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan, səsləndirilən iddiaların aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.

Həmçinin, Rasim İsmayılovun idarəçilik üslubu ilə bağlı da nazirlik daxilində narazılıqların olduğu bildirilir. Məlumatlara görə, nazir müavininin tabeliyində çalışan əməkdaşlarla kobud və alçaldıcı formada rəftar etməsi barədə uzun müddətdir narazılıqlar var. Hətta, nazirlik əməkdaşları arasında onun idarəçilik tərzini tənqid edən “hansı uğurla davam edən işin yarımçıq qalmasını istəyirsinizsə, həmin sahəni Rasim müəllimə həvalə edin”, deyə ironik ifadələrin dolaşdığı iddia olunur.

Bütün bunların fonunda düşündürücü sual yaranır: Rasim İsmayılov həqiqətən də əvvəlki təsir imkanlarını qorumaq və özünə yaxın şirkətlərin maraqlarını təmin etmək üçün yeni rəhbərliyin islahatlarını sabotaj edir?

Bu suala aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyində son dövrlərdə keçirilmiş tenderlərin, qalib şirkətlərin və satınalma qərarlarının araşdırılması zəruridir.

Yazıda adı keçən Rasim İsmayılovun, eləcə də Səhiyyə Nazirliyinin mövqeyini yayımlamağa hazırıq.

Paylaş: