Hindistanda keçmiş gözəllik kraliçası əri tərəfindən öldürülüb.
Yeniera.az xəbər verir ki, 33 yaşlı model Tvişa Şarmanın cəsədi evinin həyətində tapılıb.
Hadisə intihar kimi qiymətləndirsə də, qadının ailəsi bu versiyanı qəbul etməyib və onun ölümündə həyat yoldaşı Samart Sinqh ilə ailə üzvlərini günahlandırıb.
Qadının yaxınlarının iddiasına görə, Şarma həyat yoldaşı, həmçinin qayınanası tərəfindən psixoloji və fiziki təzyiqə məruz qalırmış. Bildirilir ki, onlar daha çox cehiz tələb edir, bu səbəbdən qadına təzyiq göstərirdilər. Ailə üzvləri həmçinin iddia ediblər ki, may ayının əvvəlində Sinqhin ailəsi qadını xəyanətdə şübhəli bilərək hamiləliyi dayandırmağa məcbur edib.
Sinqhin anası isə ittihamları rədd edib. O bildirib ki, Tvişa Şarma narkotik asılılığından əziyyət çəkirdi və hamiləliyin dayandırılması qərarını özü vermişdi.
Araşdırmalar başlayandan sonra Samart Sinqhin yoxa çıxdığı qeyd olunur. Polis bir müddət onu axtarsa da, sonradan kişi könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
Qeyd edək ki, Tvişa Şarma 2012-ci ildə Pune şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibi olub. Daha sonra reklam çarxlarında və bir filmdə rol alan Şarma marketinq sahəsində fəaliyyət göstərib. O, Samart Sinqhlə onlayn tanışlıq xidməti vasitəsilə tanış olmuş və cütlük 2025-ci ilin dekabrında ailə həyatı qurmuşdu. (lent.az)


