Monteneqroda Rusiya və İsrail vətəndaşlığı olan ər-arvadın saxlanılması böyük araşdırmaya səbəb olub. Onların üzərindən və istifadə etdikləri mənzillərdən külli miqdarda nağd pul, eləcə də gizli izləmə üçün istifadə oluna biləcək elektron avadanlıqlar aşkarlanıb.
Yeniera.az xarici agenltiklərə istinadənxəbər veirr ki, bu barədə Monteneqronun Vijesti saytı məlumat yayıb.
Saytın məlumatına əsasən, 31 yaşlı Aleksandr Kruqlyanski və 42 yaşlı Aleksandra Kruqlyanskaya sentyabrın 23-də Tivat hava limanında Təl-Əvivə uçmağa hazırlaşarkən saxlanılıblar. Məhkəmə onların barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.
Ər-arvadın yanında ümumilikdə 19 çamadan və çanta olub. Gömrük yoxlaması zamanı 26,2 min avro, 1150 İsrail şekeli, dərman preparatları və bəyan edilməmiş çoxsaylı elektron cihazlar aşkarlanıb.
Məlumata görə, avadanlıqlar arasında mikrofonla təchiz edilmiş GPS izləmə cihazı, peşəkar radiosiqnal detektoru, müşahidə kameraları, məlumat daşıyıcıları və kompüter hissələri olub. Bu cihazların bir qismindən gizli izləmə aparmaq və dinləmə qurğularını aşkarlamaq məqsədilə istifadə edilə bilər.
Əsl sürpriz isə saxlanılan şəxslərin istifadə etdikləri mənzillərdə aparılan axtarışlar zamanı ortaya çıxıb.
Polis Budva və Bar şəhərlərində keçirdiyi əməliyyatlar nəticəsində təxminən 1 milyon avro nağd pul və əlavə elektron avadanlıqlar aşkar edib. Mənbələrin bildirdiyinə görə, həmin texnikanın bir hissəsinin də müşahidə və izləmə məqsədləri üçün nəzərdə tutulduğu ehtimal edilir.
Hadisənin araşdırılmasına Monteneqronun Milli Təhlükəsizlik Agentliyi və digər dövlət qurumları ilə yanaşı, beynəlxalq kəşfiyyat strukturlarının nümayəndələri də cəlb olunub.
Bununla belə, ər-arvada hələlik casusluq ittihamı irəli sürülməyib. Onlar qaçaqmalçılıq və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Məhkəmə saxlanılan şəxslərin ölkədən qaçmaq ehtimalını nəzərə alaraq onların bir ay müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib.
musavat.com

