Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudovun səhhətində yenidən problem yaranıb.
Musavat.com-a danışan sənətkar eyni anda bir neçə ağır xəstəliklə mübarizə apardığını bildirib:
“Faktiki olaraq 4 xəstəliklə mübarizə aparıram. Birincisi qocalıqla bağlı problemlərdir. İkincisi prostat idi, şükür ki, bu gün yoxladılar, dedilər normaldır. Amma parkinson xəstəliyinin başlanğıcı var. Eyni zamanda ənənəvi olaraq bronxlarımdan, mədə-bağırsağımdan əziyyət çəkirəm. Bu xəstəliklər məni çox narahat edir. Özü də bir-birinə əks olan dərmanlar içirəm, onlar məni daha da zəiflədir. Deyə bilərəm ki, artıq Əzrayıl müəllimlə yoldaşlıq edirəm”.
Xalq artisti müalicələrinin Bakıda davam etdiyini, sentyabr ayında yenidən müayinədən keçəcəyini vurğulayıb:
“İndi həkimlərimin hamısı məzuniyyətdədir. Sentyabrın əvvəlində gələcəklər. Ömür vəfa etsə, həkimlər konsilium edəcəklər. Təpədən-dırnağa kimi bütün analizləri – KT, MRT və digər müayinələri verəcəyəm ki, görək nə sağalıb, nə qalıb, hansı yeni xəstəliklər əlavə olunub”.
Maddi vəziyyətinin son dərəcə ağır olduğunu gizlətməyən Şeyx Əbdül dövlətin verdiyi təqaüdün xərcləri ödəmədiyini bildirib:
“Maddi durumum çox acınacaqlı vəziyyətdədir. Əgər nəzərə alsaq ki, xanımım da eyni vəziyyətdədir, çox ağır müalicə alır, həkimlər, tibb bacıları evə gəlir, xərc böyükdür. Dövlətin verdiyi pul çatmır. Uşaqlarım, qızım, nəvəm də işsizdirlər. Bu maddi problemlər mənəvi sıxıntı yaradır, psixoloji olaraq da mənə təsir edir”.
O, kömək üçün Heydər Əliyev Fonduna müraciət etməyi planlaşdırdığını qeyd edib:
“İndiyə qədər heç kimə müraciət etməmişəm. Amma indi fikrim var ki, sentyabrda Heydər Əliyev Fonduna müraciət edim, bu müalicələrimə kömək etsinlər”.
![]()

