Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Restoranlarda qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…

Restoranlarda qeyri-adi tələblər: “3-4 nəfərlə gəl”, “Əlavə pul ödə”…

Sosial şəbəkələrdə “Boranı” restoranlar şəbəkəsinin Neftçilər metrosu yaxınlığında yerləşən filialında müştərinin təkbaşına restorana buraxılmaması ilə bağlı narazılıq yaranıb.

Şikayətçinin sözlərinə görə, restorana tək daxil olmaq istəyən müştəriyə buna icazə verilməyib. Ona yalnız 3-4 nəfərlik qrupla gəldiyi halda restoranda əyləşə biləcəyi bildirilib.

Bu hal restoranların müştərilərə qarşı irəli sürdüyü tələblərin qanuniliyini və istehlakçı hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, restoranın müştəridən 3-4 nəfərlik qrupla gəlməyi tələb etməsi istehlakçı hüquqlarının pozulmasıdır:

“Ölkədə istehlakçı siyasətinin bərbad vəziyyətdə olması, istehlakçıların hüquqlarını qoruyan dövlət orqanının ya səlahiyyətlərinin məhdudlaşdırılması istehlakçı hüquqlarının pozulmasına səbəb olub. Hətta xarici ölkələrdən də Azərbaycanda istehlakçı hüquqlarının pozulması ilə bağlı mənə müraciətlər olunur. Restoranlar isə bu sahədə öndə gedən biznes qurumlarından biridir. Dövlət biznes qurumları üçün qeyri-adi toxunulmazlıq şəraiti yaradıb. Nəticədə istehlakçıların hüquqlarının necə pozulmasına faktiki olaraq göz yumulur. Restoran və ya mağaza sahiblərinin istehlakçı hüquqlarını pozması ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldıranda bizə bildirirlər ki, həmin obyektlər öz əraziləridir və necə davranacaqlarına özləri qərar verirlər”.

Eyyub Hüseynovun sözlərinə görə, restoranlarda müştərilərə qarşı müxtəlif əsassız tələblər irəli sürülür:

“Restoranlarda bundan da qəribə hallar yaşanır. Məsələn, müştəriyə “Üzün xoşuma gəlmədi, səni içəri buraxmıram”, “Üzün dənizə tərəf oturmusan, 20 manat artıq ödəməlisən”, “Sənə bir çay verilir, yanında əlavə nələrsə də təqdim olunur. Əlavələri götürmürsənsə, xoş getdin, çıxıb gedə bilərsən”, “Qızla və ya qadınla gəlməlisən” kimi tələblər irəli sürülür. Hətta zalda qəlyan çəkən qadını müştərinin yanında oturtduqda onun yemək pulunu da həmin müştərinin ödəməli olduğu bildirilir. Bu kimi çoxsaylı qəribə hallar mövcuddur. Bununla yanaşı, yaxın vaxtlarda Puşkin küçəsində yerləşən restoranlardan birində də belə hadisə baş verib. Bir xanım həmin restorana gedərək yemək yemək və tək oturmaq istədiyini bildirib. Kabinetlər boş olduğu halda ona orada əyləşmək üçün 50 manat ödəməli olduğu deyilib”.

Birlik sədri qeyd edib ki, restoranlarda müğənni və servis xidmətləri adı altında da müştərilərdən əlavə ödənişlər tələb olunur:

“Yaxud restoran sahibləri müğənnilərlə əlbir olaraq əldə olunan gəliri bölüşür, müştərilərdən isə müğənninin ifasını dinlədikləri üçün əlavə pul tələb edirlər. Həmçinin servis haqqı və digər əlavə ödənişlər məsələsi də mövcuddur. Bunlar çox qəribə hallardır və Azərbaycanda turizmin inkişafına ciddi zərbə vurur. Ona görə də bu məsələlərə nəzarət edən dövlət orqanları vətəndaşlardan yazılı müraciətlər daxil olduqda, istehlakçı şikayətləri əsasında mütləq ciddi yoxlamalar aparmalıdırlar. Təəssüf ki, onlar bunu da etmirlər”.

Eyyub Hüseynov vurğulayıb ki, istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik və dövlət nəzarəti gücləndirilməlidir:

“Otuz il ərzində ilk dəfədir ki, ötən ayın ortalarında millət vəkili Əli Məsimli istehlakçı hüquqları məsələsini gündəmə gətirib və bu sahədə qanunvericiliyin yenilənməsinin vacibliyindən danışıb. Burada iyirmidən çox hüquqşünas, çox sayda iqtisadçı var. Hamı xorla biznesin inkişafından danışır. Halbuki istehlakçı hüquqlarını qoruyan struktur gücləndirilməlidir. Çünki hazırkı vəziyyətdə istehlakçılar faktiki olaraq aldadılır və onların hüquqları pozulur. Bu, anormal haldır. Azad İstehlakçılar Birliyi bu vəziyyətə etiraz edir və hesab edir ki, hökumət üzünü istehlakçılara doğru çevirməlidir. Restorana dörd nəfərlik qrupla gəlmək tələbi, əlbəttə ki, istehlakçı hüquqlarının pozulmasıdır. Qanunvericilikdə belə bir tələb nəzərdə tutulmayıb”.

Paylaş: