Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Qələbə beynəlxalq hərbi araşdırmaların diqqət mərkəzinə çevrilib.
Yeniera.az xəbər verir ki, Cambria Press nəşriyyatında Azərbaycanın Qarabağı işğaldan azad etməsinə həsr olunan “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabı nəşrə hazırlanır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru, ABŞ qüvvələrinin İraq və Əfqanıstandakı keçmiş komandanı general Devid Petreus kitaba verdiyi rəydə 44 günlük müharibəni yüksək qiymətləndirib.
“XXI əsrin müəyyənedici, lakin çox vaxt yetərincə qiymətləndirilməyən hərbi kampaniyalarından birinin ustalıqla aparılmış təhlili”, – deyə Petreus qeyd edib.
Kitabın müəllifləri ABŞ-nin tanınmış hərbi mütəxəssisləri Liam Kollinz və Con Spenserdir.
Liam Kollinz ABŞ ordusunda 27 il xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin polkovniki olmuş, İraq, Əfqanıstan və digər bölgələrdə əməliyyatlarda iştirak etmiş hərbi mütəxəssisdir. O, ABŞ Hərbi Akademiyası West Point-də Modern War Institute-un qurucu direktoru olub.
Con Spenser isə şəhər döyüşləri və müasir müharibələr üzrə tanınmış amerikalı hərbi ekspert və döyüş veteranıdır. ABŞ ordusunda 25 ildən artıq xidmət edib və İraqda iki döyüş missiyasında iştirak edib.
Müəlliflər kitab üzərində işləyərkən Qarabağdakı əsas döyüş ərazilərinə gedib, Azərbaycan və Ermənistan tərəfdən 100-dən çox hərbi komandir, əsgər, siyasi rəhbər və ekspertlə müsahibələr aparıblar. Onlar Azərbaycanın 2020-ci ildə niyə qalib gəldiyini müəyyənləşdirmək üçün müharibənin strategiyasını, əməliyyatlarını, taktikasını, texnologiyaları və komandanlıq qərarlarını araşdırıblar.
Müəlliflərin qənaətinə görə, Azərbaycanın qələbəsini yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə izah etmək doğru deyil. Qələbədə uzunmüddətli hərbi hazırlıq, düzgün strategiya, komandanlıq, xüsusi təyinatlı qüvvələr, müasir texnologiyalar və müxtəlif qoşun növlərinin koordinasiyalı fəaliyyəti mühüm rol oynayıb.
Kollinz və Spenser Şuşa döyüşünə də xüsusi diqqət ayırıblar. Onların araşdırmalarında Azərbaycan qüvvələrinin mürəkkəb relyef və şəhər şəraitində tətbiq etdiyi taktika 44 günlük müharibənin ən mühüm hərbi dərslərindən biri kimi təqdim olunur.
Musavat.com

