Rusiya Prezidenti Vladimir Putin vətəndaşları qarşıdakı seçkilərdə fəal iştirak etməyə və səs verməyə çağırıb.
Yeniera.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Putin müraciətində səsvermənin üç gün – sentyabrın 18, 19 və 20-də keçiriləcəyini bildirib.
“Əziz dostlar, səsvermə üç gün, sentyabrın 18-i, 19-u və 20-si keçiriləcək. Sizdən xahiş edirəm ki, konstitusion hüququnuzdan mütləq istifadə edin, düşünülmüş və məsuliyyətli qərar verin. Bu, seçkilərin nəticələrinin Rusiya cəmiyyətinin yetkinliyini və dayanıqlığını təsdiqləməsinə imkan verəcək”, – deyə Rusiya lideri qeyd edib.
Onun sözlərinə görə, seçkilərdə iştirak Rusiyanı zəiflətmək, ölkənin inkişafını məhdudlaşdırmaq, eləcə də onun suverenliyini və öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək hüququnu məhdudlaşdırmaq istəyənlərə ümumi cavab olacaq.
Putin hər bir seçicinin səsinin əhəmiyyətli olduğunu vurğulayıb.
“İnsanları hansı siyasi qüvvələrin həm federal parlamentdə, həm regionlarda, həm də yerli səviyyədə təmsil edəcəyi sizin şəxsi seçiminizdən birbaşa asılıdır. Əminəm ki, sizin dəstəyinizə və etimadınıza arxalanaraq ən layiqli və səriştəli namizədlər, Rusiyanın əsl vətənpərvərləri qalib gələcək”, – deyə Putin bildirib.
Qeyd edək ki, IX çağırış Dövlət Dumasına deputat seçkilərinin sentyabrın 18-20-də keçirilməsi nəzərdə tutulur. Seçkilərdə Rusiya vətəndaşları 450 deputat seçəcəklər. Onlardan 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı seçki dairələri üzrə müəyyənləşəcək.
“Yabloko”nun federal siyahısının seçkidən çıxarılmasından sonra seçki bülletenində 10 partiya qalıb. Bunlar “Vahid Rusiya”, LDPR, Birbaşa Demokratiya Partiyası, “Yaşıllar”, “Ədalətli Rusiya”, “Rodina”, Rusiya Kommunist Partiyası, Pensiyaçılar Partiyası, “Rusiya Kommunistləri” və “Yeni İnsanlar”dır.

