Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9090
  • 100 RUB 2.0290
  • GBP 2.2616
  • TRY 0.0343
  • CNY 0.2541
  • GEL 0.6550
  • 100 KZT 0.3755
  • UAH 0.0379
  • AED 0.4628
Gündəm

DİM Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edilə bilər? – Növbəti dəyişiklik

DİM Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edilə bilər? – Növbəti dəyişiklik

Azərbaycanda dövlət idarəçiliyində aparılan struktur dəyişiklikləri müxtəlif sahələrdə qurumların fəaliyyətinin yenidən təşkili və idarəetmədə koordinasiyanın gücləndirilməsi məsələsini gündəmə gətirir. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı qərardan sonra təhsil sahəsində də oxşar dəyişikliklərin mümkünlüyü müzakirə mövzusuna çevrilib. Bu baxımdan, Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyinin strukturuna inteqrasiyası, yaxud iki qurumun fəaliyyətinin vahid idarəetmə çərçivəsində əlaqələndirilməsi məsələsi də diqqət çəkir.

Bəs DİM-in nazirliyin strukturuna daxil edilməsi və ya qurumların birləşdirilməsi gözlənilirmi? Belə bir addım təhsilin keyfiyyətinə və imtahanlarda obyektivliyə necə təsir edə bilər?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Modern.az-a açıqlamasında bildirib ki, əsas məsələ qurumların birləşdirilməsi deyil, belə bir dəyişikliyin nə dərəcədə effektiv nəticə verəcəyidir.

Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi yalnız imtahan keçirən qurum deyil. Onun qəbul və qiymətləndirmə ilə bağlı qərarları minlərlə gəncin gələcəyinə, ailələrin planlarına və cəmiyyətin təhsil sisteminə olan etimadına təsir göstərir.

“Digər tərəfdən, bu gün Elm və Təhsil Nazirliyi təhsil siyasətini həyata keçirir. Dövlət İmtahan Mərkəzi isə qəbul və qiymətləndirmə proseslərini təşkil edir. Bu iki istiqamət arasında daha güclü koordinasiyanın olması vacibdir.

İmtahanların məzmununun məktəblərdə tədris olunan proqramlarla nə dərəcədə uzlaşdığı, şagirdlərdən hansı bilik və bacarıqların tələb olunduğu, qiymətləndirmənin təhsilin real keyfiyyətini nə dərəcədə əks etdirdiyi ilə bağlı bütün məsələlər təhlil edilməlidir”, – deyə o bildirib.

Əmrah Həsənli mümkün struktur dəyişikliyi zamanı obyektivliyin və ictimai etimadın qorunmasının vacibliyini də vurğulayıb.

“Dövlət İmtahan Mərkəzinin fəaliyyətində obyektivlik və ictimai etimad mütləq qorunmalıdır. Əgər struktur dəyişikliyi bu prinsipləri gücləndirəcəksə, onun müzakirəsi məntiqli ola bilər. Yox, əgər söhbət yalnız tabeliyin dəyişdirilməsindən gedirsə və real nəticə verməyəcəksə, belə bir addımın nə dərəcədə zəruri olduğu da sual doğuracaq.

Dövlət idarəçiliyində islahatlar zaman-zaman zərurətə çevrilir. Ancaq hər bir islahatın arxasında konkret məqsəd və ölçülə bilən nəticə dayanmalıdır. Təhsildə əsas hədəf qurumların sayını azaltmaq deyil, təhsilin keyfiyyətini yüksəltmək, imtahanlarda ədalətliliyi qorumaq və vətəndaşlarımızın dövlətə etimadını daha da gücləndirmək olmalıdır. Dövlət İmtahan Mərkəzi məsələsinə də bu prizmadan yanaşmağın tərəfdarıyam”, – deyə ekspert qeyd edib.

Paylaş: