Azərbaycanda leytenant hərbi rütbəsində olma müddətinin müəyyən edilməsi qaydasına dəyişiklik edilir.
Yeniera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, təhsil müddəti 5 il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddəti 2 il müəyyən edilir. Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə bu müddət 1 il olacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində olma müddəti 1 il müəyyən ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, əvvəl qüvvədə olan qaydaya görə, təhsil müddəti 5 il və daha çox olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddəti 1 il idi.

