Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda baş verən silahlı hücumlar nəticəsində 7 nəfər həyatını itirib, daha bir nəfər yaralanıb. Hadisə ilə bağlı genişmiqyaslı əməliyyat keçirilir.
YENİERA.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi və yerli media məlumat yayıb.
Məlumata görə, hadisə İhsaniyə rayonunun Ayazini və Qıyır kəndləri ərazisində qeydə alınıb. Əraziyə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları iki ayrı avtomobildə odlu silahla qətlə yetirilmiş 5 nəfərin meyitini aşkar ediblər. Onlardan 3-ü Ayazini, 2-si isə Qıyır kəndi yaxınlığında tapılıb.
İlkin araşdırmalar zamanı cinayətdə şübhəli bilinən şəxsin hadisə yerindən uzaqlaşdıqdan sonra başqa bir ərazidə daha iki nəfəri tüfənglə vuraraq öldürdüyü müəyyənləşib. Beləliklə, qurbanların sayı 7-yə çatıb.
Türkiyə mediasının məlumatına əsasən, şübhəli şəxs hadisə yerlərindən qırmızı rəngli kiçik yük avtomobili ilə qaçıb. Onun Kütahya istiqamətində hərəkət etdiyi ehtimal olunur. Bu səbəbdən qonşu vilayətlərdə də təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisədən sonra jandarma və polis qüvvələri ərazidə geniş əməliyyat-axtarış tədbirlərinə başlayıb. Cinayətlərin baş verdiyi kəndlərə aparan yollar nəzarətə götürülüb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Anadolu Agentliyinin son məlumatında isə hadisələrlə əlaqədar 7 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilir. Həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Şübhəlinin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.///Sfera.az

