Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaçıların hüquqlarını kobud şəkildə pozan kütləvi əməliyyatlara start verildiyi iddia olunur. Planlı şəkildə həyata keçirilən bu addımların əsas hədəfi 2006-cı ilə qədər təqaüdə çıxan və hazırda 900–1000 manat civarında pensiya alan yaşlı vətəndaşlardır.
YENİERA.az nocomment.az-a istinadən xəbər verir ki, qurum rəhbərliyi müxtəlif bəhanələrlə – “pensiyanız illər əvvəl səhv hesablanıb”, “sığorta hissəsində rəqəmlərdə yanlışlıq var” kimi əsassız arqumentlərlə təqaüdlərin məbləğini kəskin şəkildə azaldaraq orta pensiya həddinə, yəni 640 manat səviyyəsinə endirməyə başlayıb. Hətta vətəndaşlara uydurma “borc” yazılaraq, psixoloji təzyiq göstərməklə qorxutmaq taktikasına əl atıldığı bildirilir.
Ən acınacaqlı məqam isə odur ki, bu zaman heç bir hüquqi sübüt təqdim edilmir və illərlə dövlətə xidmət etmiş, 50 il əmək stajı olan vətəndaşın heç bir təqsiri olmadığı halda bütün məsuliyyət onların üzərinə yıxılır.
Məlumata görə, bu siyasətin arxasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev və Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyevin qurum daxilindəki “qənaət” planları dayanır. Əsas məqsəd ilin sonunda yuxarı orqanlara “böyük məbləğdə dövlət vəsaitinə qənaət edildiyi” barədə hesabat vermək və öz fəaliyyətlərini “uğurlu” kimi qələmə verməkdir. Vətəndaşların sosial durumu və illərlə ödədikləri vergilər isə rəhbərliyin şəxsi maraqlarına qurban verilir.
Mövzu diqqətimizdədir. Ardı olacaq!

