DÇ-2026-da bu gecə oynanılacaq Fransa – Paraqvay oyunu hava şəraitinə görə təxirə salına bilər.
Offsideplus.az xəbər verir ki, ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək qarşılaşmanın startının əlverişsiz hava şəraiti səbəbindən dəyişməsi gözlənilir.
Məlumata görə, oyun zamanı bölgədə temperaturun 37°C olacağı, hiss olunan temperaturun isə 42°C-yə qədər yüksələcəyi gözlənilir. Bundan əlavə, güclü yağış və şimşəkli tufan proqnozlaşdırılır.
FIFA oyunun vəziyyətinin yaxından izlənildiyini açıqlayıb. Qurum hava şəraitinin təhlükəli həddə çatacağı təqdirdə qarşılaşmanın başlanmasının gecikdirilə biləcəyini bildirib.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 5 iyul saat 01:00-da keçirilməlidir.
Xatırladaq ki, ABŞ-də tətbiq olunan təhlükəsizlik qaydalarına əsasən, stadion yaxınlığında ildırım müşahidə edildiyi anda oyun dayandırılır və komandalar paltardəyişmə otaqlarına göndərilir. Qarşılaşmanın davam etdirilməsi üçün isə ən azı 30 dəqiqə ərzində heç bir ildırım qeydə alınmamalıdır. Əks halda geri sayım yenidən başlayır.

