Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu gün İrəvanda qədim əlyazmaların saxlanıldığı Matenadaranı ziyarət edib.
Yeniera.az xəbər verir ki, Qrononu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan müşayiət edib.
Ermənistan XİN-in məlumatına görə, Aİ rəsmisi muzeyin qədim əlyazmalar kolleksiyası ilə tanış olub. Rəsmi açıqlamada Ermənistanın erməni və dünya mədəni irsinin, o cümlədən qədim əlyazmaların qorunmasına verdiyi töhfənin “nümunəvi və beynəlxalq səviyyədə tanınmış” olduğu xüsusi vurğulanıb.
Bu ziyarətin Qrononun xarici diplomatlarla Qarabağa səfərindən dərhal sonraya təsadüf etməsi xüsusilə diqqət çəkir. Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ səfəri zamanı diplomatlara bölgənin tarixi və xristian irsi ilə bağlı faktları təqdim etmiş, o cümlədən bu tarixə dair məlumatların yer aldığı kitabı nümayiş etdirmişdi.
Hikmət Hacıyevin Qarabağda erməni tərəfinin bölgənin tarixi ilə bağlı uzun illər irəli sürdüyü tezisləri faktlarla puç etməsi İrəvanda, obrazlı desək, “zəlzələ effekti” yaradıb. Bunun ardınca Ermənistan tərəfinin Aİ xüsusi nümayəndəsini Matenadarana apararaq qədim əlyazmaları xüsusi şəkildə nümayiş etdirməsi Qarabağdakı təqdimata cavab vermək cəhdi təsiri bağışlayır.
Beləliklə, İrəvanın Qrononun Qarabağ səfərinin dərhal ardınca məhz qədim əlyazmalar mövzusunu ön plana çıxarması təsadüfi görünmür. Ermənistan tərəfinin bu addımı Qarabağda diplomatlara təqdim edilən tarixi faktların yaratdığı təsiri zəiflətmək üçün atılmış çarəsiz cavab addımı kimi qiymətləndirilə bilər.
Musavat.com

