Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın AnewZ telekanalının İrəvanda çəkiliş aparması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Yeniera.az xəbər verir ki, qurumun açıqlamasına əsasən, AnewZ Ermənistanda jurnalist fəaliyyəti göstərmək üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyib və müvafiq akkreditasiya almayıb.
Açıqlama İrəvanın mərkəzində keçirilmiş küçə sorğusunun görüntülərinin AnewZ tərəfindən yayımlanmasından sonra verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti xatırladıb ki, xarici jurnalistlər ölkə ərazisində peşəkar fəaliyyətlə yalnız Xarici İşlər Nazirliyinin akkreditasiyası əsasında məşğul ola bilərlər.
Qurum eyni zamanda bildirib ki, AnewZ üçün çalışan şəxslər arasında müxtəlif ölkələrin vətəndaşları və müxtəlif millətlərin nümayəndələri var.
Erməni tərəfi bundan əvvəl də AnewZ-i materiallarının hazırlanmasında üçüncü şəxslərdən istifadə etməkdə ittiham edib. Bildirilir ki, Ruben Vardanyan haqqında filmdə Qarabağdakı keçmiş separatçı rejimin “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan, eləcə də Ermənistanın digər keçmiş məmurları və ictimai xadimlərlə müsahibələrdən istifadə olunub.
Həmin şəxslərin sözlərinə görə, müsahibələri əvvəlcə İspaniya tərəfinin nümayəndələrinə veriblər, lakin sonradan bu materiallar AnewZ-in sərəncamına keçib.
Musavat.com

