“Oba” Marketlər şəbəkəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulması faktı qeydə alınıb. Hadisə açıq şəkildə qiymət manipulyasiyası və alıcının aldadılması kimi qiymətləndirilir.
Belə ki, müştəri kartofu neylon torbaya yığdıqdan sonra çəkilməsi məsədi ilə “Oba” marketin işçisinə verir və çəkildikdən sonra məhsulun qiyməti 89 qəpik göstərilsə də, kassada tamam fərqli məbləğ tətbiq edilib. Kassir məhsulu tərəziyə qoyduqda ödəniləcək ümumi məbləğ 1 manat 77 qəpik olaraq əks olunub. Lakin kartla ödəniş tamamlandıqdan sonra istehlakçıya məlum olub ki, kartdan 2 manat 57 qəpik pul çıxılıb.
İstehlakçının etirazından sonra kassir kartofun əsl qiymətinin 1 manat 29 qəpik olduğunu, lakin bu məlumatın “hələ tərəzi sisteminə işlənmədiyini” bildirib. Bu isə alıcının xəbəri və razılığı olmadan daha yüksək məbləğin tutulduğunu açıq şəkildə sübut edir.
Bu, texniki səhv yox, qanun pozuntusudur
Məsələyə hüquqi tərəfdən baxdıqda isə burada söhbət texniki uyğunsuzluqdan deyil, birbaşa qanun pozuntusundan gedir:
“Satış zalında göstərilən qiymət istehlakçı üçün hüquqi öhdəlik yaradır. Kassada və ya sistemdə fərqli qiymətin tətbiq edilməsi satıcının məsuliyyətidir. ‘Sistemə işlənməyib’ arqumenti hüquqi baxımdan əsassızdır və satıcını məsuliyyətdən azad etmir.”
Qeyd edək ki, ‘İstehlakçıların hüquqlarının müdafiəsi haqqında’ Qanunun 13-cü maddəsinə əsasən:
• Alıcıya təqdim olunan qiymət son qiymət hesab edilir;
• Qiymət uyğunsuzluğu yaranarsa, istehlakçı üçün daha ucuz qiymət tətbiq olunmalıdır;
• Əks halda bu hal istehlakçının aldadılması kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır.
“Bu cür hallar sistemli xarakter daşıyarsa, satıcı barəsində cərimə ilə yanaşı, əlavə nəzarət tədbirləri də tətbiq edilə bilər”
İctimai etimad sual altındadır
İri ticarət şəbəkəsi olan “Oba” marketdə qiymət etiketlərinin real satış qiyməti ilə uyğun gəlməməsi ictimai etimadı ciddi şəkildə zədələyir. Xüsusilə aztəminatlı istehlakçıların gündəlik ərzaq alışında bu cür hallarla üzləşməsi sosial baxımdan da qəbuledilməz hesab olunur.
Qeyd edək ki, istehlakçılar bu kimi hallarla qarşılaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət edə bilərlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Çağdaş.az
