Azərbaycanın məşhur iqtisadçı eksperti Pərviz Heydərov vəfat edib.
Yeniera.az xəbər verir ki,Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.
Ekspert 54 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, P. Heydərov 1972-ci il iyulun 19-da Bakı şəhərində anadan olub.
1979-1989-cu illərdə Bakı şəhəri Səbail rayonundakı 219 nömrəli məktəbdə orta təhsil alıb.
1989-cu ildə N. A. Voznesenski adına Leninqrad (indiki Sankt-Peterburq) Maliyyə-İqtisad Universitetinin Bakı filialına daxil olub, 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
1995-ci ilin sentyabr ayında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aparıcı mütəxəssis vəzifəsinə işə götürülüb.
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İstehsal sahələri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.
1996-cı ildən ölkə mətbuatında iqtisadi mövzuda məqalələrlə çıxış edir. 3000-dən çox analitik və bir neçə elmi məqalənin müəllifidir.
2007-ci ilin mart ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, P. Heydərov hərəkət məhdudiyyətli olub və həyatını əlil arabasında keçirib.


