Bir müddətdir ölkə mediasında özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxslə bağlı müxtəlif yazı və xəbərlər dərc olunur. Əsl adının Kazım Abbasov olduğu bildirilən bu şəxsin bir sıra insanları aldatdığına dair iddialar yayılıb.
Yeniera.az xəbər verir ki, bir sıra saytlar onun fəaliyyəti ilə bağlı müxtəlif iddialar və ittihamlar irəli sürüb. Bəzi məlumatlarda isə “David Seliverstov”un hazırda ölkə xaricində olduğu bildirilib. “Seliverstov” özü də xaricdə olduğunu təsdiqləyərək, işgüzar səfərdə olduğunu deyib.
“David Seliverstov”un professor Qəzənfər Paşayevin kürəkəni olduğu bildirilir. Mediada yayılan məlumatlara görə, o, Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır.
İddialara görə, Kazım Abbasov Təranə Paşayevanın 500 min manat vəsaitini mənimsəyib. “Seliverstov”un bir neçə qadının da külli miqdarda vəsaitini ələ keçirdiyinə dair iddialar yayılıb. Onun əsasən imkanlı qadınları aldatdığı bildirilir.
Hüquq müdafiəçisi Çingiz Qənizadə açıqlamalarının birində “David Seliverstov”un vətəndaşdan 90 min manat alıb qaytarmadığını bildirmişdi. Bundan əvvəl yayılan məlumatlarda isə Seliverstovun Təranə Paşayevadan 500 min manat aldığı və həmin vəsaiti geri qaytarmadığı iddia edilib.
Bu fonda Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə cəmiyyətdə narahatlıq doğuran məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını bildiriblər.
Lakin diqqət çəkən başqa bir məqam da var. Sosial şəbəkələrdə “David Seliverstov”a aid paylaşımların altında Təranə Paşayevanın həmin paylaşımları bəyənməsi və müxtəlif reaksiyalar verməsi müşahidə olunur.
Təbii ki, sosial şəbəkədə hər hansı paylaşımın bəyənilməsi və ya ona emoji ilə reaksiya verilməsi özlüyündə həmin şəxsin bütün fikirlərini və fəaliyyətini dəstəklədiyini sübut etmir. Lakin mövcud iddialar fonunda bu reaksiyalar ictimaiyyət üçün müəyyən suallar yaradır.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub. Globalinfo.az

