Tanınmış araşdırmaçı jurnalist Samir Feyruzovun şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə ilə bağlı paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Jurnalist iddia edir ki, illərdir Radə Yusifzadənin Bərdə sakinlərini boğaza yığır. O, Şuşaya səfər edən ziyarətçilərin Cıdır düzündəki qayalıqlara şəhidlərin adlarını yazdığını, həmin yazıların isə aidiyyəti qurumlar tərəfindən silindiyini bildirib. S. Feyruzovun sözlərinə görə, bundan sonra Radə Yusifzadə Xudayar Yusifzadənin adının qayalıqdan silinməsinə etiraz edib.
“Bakupost” məsələ ilə bağlı Radə Yusifzadə ilə əlaqə saxlayıb.
Şəhid anası bildirib ki, onun etirazı Xudayarın adının silinməsi ilə bağlı olmayıb:
“Mən etiraz etməmişəm ki, niyə silinib. Mənim etirazım bu olub ki, o ərazidə milyonlarla ad yazılıb. Niyə məhz Xudayar və Turqutun adını prim toplamaq üçün paylaşıblar? Mənim etirazım bu olub. Gəlin, sizə göstərim, orada o qədər sözlər var -“Ayşə” , “Gülşən, səni sevirəm”, “filankəs”…
Bir də o adı mən yazdırmamışam. Onu 2021-ci ildə hansısa hərbçilər yazıblar. Mən heç tanımıram ki, o hərbçilər kimdir.
Mən sabah Şuşa Qoruğunun rəhbəri Səmayə xanımı məhkəməyə verəcəyəm. Eyni zamanda bəzi jurnalistləri də. Bir şəhid anası mənə ağlaya-ağlaya yazıb ki, Radə xanım, mənim şəklimi qoyub sizin haqqınızda yazıblar. Çox maraqlıdır, heç Xudayarın anasını tanımırlar, başqa adamın şəklini qoyub mənim haqqımda yazıblar.
Allah cənab Ali Baş Komandanımıza can sağlığı versin. Onun sayəsində bu torpaqlarımızı alıblar. Cənab Ali Baş Komandan şəhidlərimizin adının əbədiləşdirilməsini hər tərəfdən bəyan edib.
Xudayarın oxuduğu məktəbdə büstü qoyulub. Xankəndidə Zəfər muzeyində onun adına pilləkən qoyulub. Bu gözəllikləri yaradan cənab Prezidentdir. Mən niyə hansısa qayanın üstündə silinən ada etiraz edim? Mənim sadəcə etirazım budur ki, niyə orada yüzlərlə ad yazılıb, amma Xudayarın və Turqutun adını prim toplamaq üçün paylaşaraq şou yaradırlar?
Bəzi saytlar paylaşım edərək məni təhqir etdirdilər. Şəhid anası kimi onların hamısına minnətdaram. Beləcə erməni qanlı şəxslərin hansı saytlarda olduğu üzə çıxdı: şəhid anasını təhqir etdilər, bunların xoşuna gəldi.
O qayalığa gələn erməni qanlılar başqa ehtiyaclarını ödəyirlər. Mənə lazımdır orada oğlumun adı? Mənim oğlumun adı tarixə yazılıb. Daşdan silmək olar, tarixdən əsla”.

