Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9094 ▲0.0004
  • 100 RUB 2.0358 ▲0.0068
  • GBP 2.2657 ▲0.0041
  • TRY 0.0343
  • CNY 0.2545 ▲0.0004
  • GEL 0.6546 ▼0.0004
  • 100 KZT 0.3752 ▼0.0003
  • UAH 0.0379
  • AED 0.4628
Siyasət

Sahil Babayev mühüm məlumatı AÇIQLADI

Sahil Babayev mühüm məlumatı AÇIQLADI

Azərbaycanda 2027-ci ilin dövlət büdcəsində 40-dan artıq dövlət müəssisəsindən təxminən 900 milyon manat dividend daxilolması nəzərdə tutulub.

YENİERA.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Nazirin sözlərinə görə, Prezidentin tapşırığına uyğun olaraq dövlət şirkətlərinin fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi məqsədilə xüsusi hesabatlılıq portalı yaradılıb.

“Qısa müddət ərzində portalda 1113 müəssisə qeydiyyatdan keçib və 11 434 hesabat təqdim olunub. Bunun nəticəsində 950 dövlət şirkətinin 2026-cı il üzrə təsdiqlənmiş büdcə hesabatları əldə edilib, 885 müəssisə üzrə dividend proqnozlarının hazırlanması yekunlaşdırılıb”, – deyə nazir bildirib.

Sahil Babayev qeyd edib ki, aparılan təhlillər nəticəsində ilk dəfə olaraq dövlət büdcəsində 40-dan artıq müəssisənin dividend ödənişləri nəzərdə tutulub.

“Gələn ilin dövlət büdcəsində təqribən 900 milyon manatlıq dividend ödənişləri planlaşdırılıb. Bu, həm dövlət şirkətlərinin idarəçiliyi sahəsində son illərdə əldə olunan nəticələrin, həm də dövlət maliyyə siyasətində yeni yanaşmanın bariz göstəricisidir”, – deyə nazir vurğulayıb.

***

Azərbaycanda dövlət büdcəsinin təxminən 60%-nin elektron sistem vasitəsilə proqnozlaşdırılması mümkün olacaq.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Nazirin sözlərinə görə, dövlət maliyyəsinin rəqəmsallaşdırılması çərçivəsində elektron mühasibatlıq komponentinin yaradılmasına başlanılıb və sistem mərhələli şəkildə istifadəyə verilir.

“Avqust ayından etibarən 260-dan artıq dövlət qurumunun əməkdaşları üçün müvafiq təlimlər keçirilib. Artıq dövlət qurumlarının mühasibat hesabatlarının tam elektronlaşdırılmasına başlanılıb. Hesab edirik ki, ilin sonunadək 2 milyondan artıq inventar vahid elektron mühasibatlıq sistemində qeydiyyata alınacaq”, – deyə nazir bildirib.

Sahil Babayev qeyd edib ki, növbəti ildən proses bütün dövlət təşkilatlarını əhatə edəcək.

Onun sözlərinə görə, üçillik dövr ərzində dövlət vəsaitlərinin, dövlət aktivlərinin, o cümlədən qeyri-maliyyə aktivlərinin tam elektron uçotunu təmin edən vahid reyestrin formalaşdırılması nəzərdə tutulur.

Nazir vurğulayıb ki, həmin reyestrin elektron xəzinədarlıq və digər dövlət maliyyə sistemləri ilə inteqrasiyası proqnozlaşdırma imkanlarını genişləndirəcək.

“Düşünürük ki, müvafiq məlumat bazası formalaşdıqdan sonra dövlət büdcəsinin təxminən 60%-nin proqnozlaşdırılması elektron qaydada həyata keçirilə biləcək. Artıq bunun üçün ayrıca fərdi yanaşmaya ehtiyac qalmayacaq”, – deyə Sahil Babayev əlavə edib.

***

Süni intellekt fəaliyyətin keyfiyyətini və operativliyini artıracaq.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Onun sözlərinə görə, müasir dövrün əsas çağırışlarından biri olan süni intellektdən də yan keçmək olmaz: “Bu məlumat bazalarının formalaşdırılması bizə yeni imkanlar açır. Məlumat bazası və informasiya formalaşdıqca, süni intellektin dəstəyi ilə çoxsaylı təhlillər apara, proqnozlar hazırlaya və anomaliyaları avtomatik aşkarlaya bilərik. Bu da fəaliyyətimizin keyfiyyət, sürət və operativlik baxımından ciddi şəkildə yaxşılaşmasına imkan yarada bilər”.

Nazir vurğulayıb ki, rəqəmsallaşma istənilən sahədə çox önəmlidir: “Həm cəmiyyətdə, həm də dünyada baş verən proseslərin əsas istiqaməti göstərir ki, gələcək inkişaf rəqəmsallaşmada uğur qazanan dövlətlərə məxsus olacaq. Rəqəmsallaşmaya və süni intellektə böyük yatırımlar edən, bu sahələri inkişaf etdirən və özünü gələcək çağırışlara hazırlayan dövlətlərin uğur qazanmaq imkanları daha böyükdür. Azərbaycanda da bütün dövlət qurumları bu istiqamətdə addımlar atır. Bu sahədə fəaliyyətin əlaqələndirilməsi, gələcək çağırışlara daha yaxşı cavab verməyimiz baxımından bu cür konfransların və məlumat mübadiləsinin əhəmiyyəti böyükdür”.

Paylaş: