Qadın voleybolçulardan ibarət “Turan” klubunun CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, şübhəsiz, Azərbaycan idmanı adına əlamətdar hadisədir. Lakin bu uğurun arxasında ciddi suallar doğuran təşkilati və münasibət məsələləri də var.
Görünən odur ki, “Turan” klubunun rəhbərliyi meydandakı qələbənin sevincinə o qədər qapılıb ki, Azərbaycan voleybolunun kimlər tərəfindən idarə olunduğunu, bu idmanın inkişafı üçün kimin məsuliyyət daşıdığını və hansı şəxslərin bu uğurun təbliğində xüsusi yerə malik olduğunu nəzərə almağı unudub.
Söhbət Azərbaycan Voleybol Federasiyasının prezidenti, general-polkovnik Şahin Bağırovdan və gənclər və idman naziri Fərid Qayıbovdan gedir.
Təəssüf ki, bu mühüm qarşılaşmada nə federasiya prezidentini, nə də idman nazirini fəxri tribunada gördük. Daha təəccüblüsü isə Azərbaycan voleybolunun əfsanəsi, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayevin də oyunda iştirak etməməsi idi.
İndi sual yaranır: “Turan” klubunun rəhbərliyi bu qarşılaşmanın nə qədər böyük əhəmiyyət daşıdığını anlamır, yoxsa özünü Azərbaycan voleybolunun ümumi maraqlarından üstün tutur?
Əgər klub rəhbərliyi ölkənin idman naziri, federasiya prezidenti və voleybolumuzun əfsanəvi nümayəndələrini belə bir tarixi qarşılaşmaya dəvət etməyibsə, bu, sadəcə təşkilati nöqsan deyil, idman etikasına və münasibətlər mədəniyyətinə açıq-aşkar etinasızlıqdır.
Bir klubun Avropada uğur qazanması ona Azərbaycan voleybolunun ümumi dəyərlərini və institusional münasibətləri görməzdən gəlmək haqqı vermir. Heç bir klub federasiyadan, milli komandadan və ölkə idmanının ümumi maraqlarından böyük deyil.
Şahin Bağırov ölkənin voleybol federasiyasının prezidentidir. Fərid Qayıbov Azərbaycan idmanına rəhbərlik edən nazirdir. Faiq Qarayev isə Azərbaycan voleybolunun tarixində silinməz iz qoymuş şəxsiyyətdir. Belə bir qarşılaşmada onların iştirakına şərait yaratmaq, ən azı dəvət etmək klub rəhbərliyinin diqqət yetirməli olduğu məsələlərdən biri idi.
Əgər dəvət göndərilsəydi, həmin şəxslərdən ən azı birinin qarşılaşmada iştirak etməsi ehtimalı var idi. Bəs klub rəhbərliyi bunu niyə nəzərə almayıb?
“Turan” rəhbərliyinə xatırlatmaq lazımdır ki, Avropa arenasına çıxmaqla böyük klub olmaq eyni şey deyil. Böyüklük yalnız qazanılan vəsiqə ilə deyil, münasibətlə, hörmətlə, təmsil etdiyin ölkənin idman ictimaiyyətinə yanaşmanla ölçülür.
Klub rəhbərliyi bu suallara cavab verməlidir: General-polkovnik Şahin Bağırova, nazir Fərid Qayıbova və Faiq Qarayevə dəvət göndərilibmi? Göndərilməyibsə, bunun səbəbi nədir?
Azərbaycan voleybolunun uğuruna sevinirik. Ancaq heç bir uğur yanlış təşkilati yanaşmaya, hörmətsizliyə və özündənrazı davranışa bəraət qazandıra bilməz.
Çempionlar Liqasına vəsiqə qazanmaq böyük nailiyyətdir. Amma Azərbaycan voleybolunun özündən böyük görünməyə çalışmaq qəbuledilməzdir.
\\\DOGRU.AZ

