Sumqayıt şəhərində yerləşən “Axşam” restoranında gecə saatlarında yüksək səslə musiqi səsləndirir.
Yeniera.az xəbər verir ki, bu iddia ilə Medialive.az-a həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.
Onların dediklərinə görə, restoranda hər gecə səsləndirilən yüksək tempdə musiqi sədaları sakinləri ciddi narahat edir.
Bu, ictimai asayişin pozulması deməkdir. Mövcud hala görə, Azərbaycan Respublikası İnzibatı Məcəlləsinin 275.2 (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə cərimə tədbirləri nəzərdə tutulur.
Sakinlər bildirirlər ki, onların bəzilərinin azyaşlı övladları var və bu səbəbdən həm uşaqları, həm də özləri axşam saatlarında yata bilmirlər.
Şəhər sakinləri qeyd ediblər ki, sözügedən xoşagəlməz vəziyyətlə bağlı onlar Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə əldə edilməyib. Əksinə, restoran ənənəyə sadiq qalaraq öz işini bu cür davam etdirir.
Şikayətçi sakinlər əlavə ediblər ki, səs-küyün həqiqətə uyğun olmasını təsdiq etmək üçün onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Nazirliyin əməkdaşları öz növbəsində həmin restorana gələrək yoxlama aparıblar və qərara alınıb ki, səs normadan yüksək olub.
Bununla bağlı restoran cərimələnib. Lakin bir neçə gün sonra yenidən yüksək səslə musiqi səsləri eşidilməyə başlayıb.
Baş verən xoşagəlməz halla bağlı restoran rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Medialive.az-ın sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt şəhərində qeyd olunan ünvanda vətəndaşları narahat edən məişət səs-küyü ilə bağlı neqativ halın aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. İaşə obyektinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Eyni əməlin təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirlərin görüləcəyi də diqqətə çatdırılıb.

