Bir müddət öncə “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiqlənib. Strategiya ilə 2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına (kombi və oxşar sistemlərin əvəzinə) keçidin təmin edilməsi nəzərdə tutulub. Eləcə də, tikiləcək bütün yeni binalarda elektrik istilik nasoslarının quraşdırılması ilə bağlı məcburi qaydaların müəyyən edilməsi hədəflənir.
Strategiyanın əmlak bazarına və vətəndaşlara təsirini Ölkə.az-a şərh edən əmlak sahəsi üzrə ekspert Elnur Azadov bildirib ki, layihə yaxın illərdə daha müasir texnologiyalardan istifadə etməklə binalarda təbii qazın istifadəsini tam qadağan edəcək:
“İnzibati və çoxmənzilli binalarda müasir hava-su nasosları ilə əldə olunan enerji istifadə olunacaq. Bu, yeni texnologiya olduğu üçün avadanlıqların və texnologiyaların tətbiqinin neçəyə başa gələcəyini hazırda demək mümkün deyil. Yeni tələblərin qoyulması və son avadanlıqlarla təchizat yeni tikilən binaların qiymətinə təsir edəcək. Lakin hər hansı nümunə layihəsi olmadığı üçün xərclərin nə qədər olacağını demək çətindir”.
2035-ci ilə qədər bəzi binalar söküləcək
Mövcud binalara sonradan istilik nasoslarının qoşulmasına gəlincə isə ekspert deyib ki, köhnə yaşayış fondunun yaxın illərdə mərkəzləşdirilmiş mini qazanxanalara qoşulacağını güman edir: “Ölkədə kifayət qədər beş mərtəbəli binalar var və onların istismar müddəti bitib. 2035-ci ilə qədər onların tədricən söküləcəyi ehtimal olunur. Lakin hökumət onların sökülməsini öz üzərinə götürə bilməz. Özəl sektor bunu həyata keçirməlidir. 1970-ci illərdən sonra inşa olunmuş doqquz mərtəbəli binalarda texniki kommunikasiya xətləri daha müasirdir. Orada hər hansı bir yolla mərkəzləşdirilmiş istilik sisteminə qoşulma imkanları daha geniş olacaq.

Yeni tikilmiş binalarda vəziyyət necə olacaq?
Azərbaycanda yeni binaların tikintisi 2000-ci ildən sonra başlayıb. Artıq 26 il ərzində ölkədə təxminən 2700-2800 çoxmərtəbəli bina inşa olunub. Onların da bütün layihələri individualdır. Yəni bu günə qədər tikilmiş və mövcud binaların texniki imkanları yeni sistemə keçid üçün problem yaradacaq. Həmin binaların demək olar ki, 95%-də mərkəzləşmiş istilik sistemi yoxdur və fərdi kombilərdir. Bu sahəyə yönəlmiş yeni texnologiya açıq vəziyyətdə qalacaq və düşünürəm ki, onlarda bu kimi texnologiyaların tətbiqi mümkün olmayacaq. Həyata keçiriləcəyi halda isə vətəndaşlar tərəfindən kütləvi narazılığa səbəb olacaq”.
Vətəndaşların xərcini necə dəyişəcək?
E Azadovun sözlərinə görə, mərkəzləşdirilmiş istilik təchizatı olan köhnə yaşayış fonduna daxil çoxmərtəbəli binalarda illik xərc çox deyil və vətəndaşlar onu qarşılayırlar: “Kombi istilik sistemi olan yeni binalarda vətəndaşların xərcləri digərlərindən iki dəfə çoxdur. Ona görə də, xərclərə qənaət etmək üçün yeni inşa olunmuş binaların sakinləri bu texnologiyaya əlavə xərc etməkdə maraqlı ola bilər. Amma burada avadanlıqların quraşdırılmasının texniki imkanları təhlil olunmalıdır”.

Tikinti şirkətləri əlavə ödəniş tələb edə bilər
“Ehtimal edirəm ki, tikinti şirkətləri bu avadanlığa görə ümumi bir qiymət artımı etməyəcəklər və mənzil satışı zamanı vahid əlavə məbləğ tələb edəcəklər. Belə ki, mənzilin qiyməti olduğu kimi hesablanacaq, lakin avadanlığa görə əlavə müəyyən bir rüsum tələb edəcəklər. Məsələn, keçmişdə tikinti şirkətləri mənzilin qiymətindən əlavə sayğaclarına görə təxminən 1000 manat vəsait tələb edirdilər. Burada da oxşar bir tendensiya ola bilər. Bu da avadanlığın qiymətinin nisbətən baha olduğu hallarda ola bilər”, – deyə ekspert əlavə edib.

