Noyabr ayında səmanı qeyri-adi mənzərə bəzəyəcək. Ayın 6-dan 30-dək davam edəcək Leonid meteor yağışının ən intensiv dövründə səmada saatda təxminən 15 meteor müşahidə etmək mümkün olacaq.
YENİERA.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir.
Azərbaycanda bu səma hadisəsini izləmək üçün ən əlverişli vaxt noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların da görünməsi üçün nisbətən əlverişli şərait yaradacaq.
Leonid meteor yağışı Yer kürəsinin “55P/Tempel–Tuttle” kometinin orbitində buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. Təxminən 33,2 ildən bir Günəş ətrafında tam dövr edən bu komet 1865-ci ildə alman astronomu Vilhelm Tempel, bir il sonra isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib.
Leonidlərin əsas xüsusiyyətlərindən biri yüksək sürətlə hərəkət etmələridir. Belə ki, meteor hissəcikləri Yer atmosferinə saniyədə təxminən 71 kilometr sürətlə daxil olur. Atmosferlə qarşılıqlı təsir nəticəsində qızaraq parçalanan hissəciklər səmada parlaq işıq zolaqları yaradır.
Meteor yağışının radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Leonid adı da məhz həmin bürclə əlaqədardır. Bununla belə, meteorları səmanın müxtəlif istiqamətlərində görmək mümkündür.
Leonidlər tarixdə güclü meteor fırtınaları ilə də yadda qalıb. Xüsusilə 1833, 1866, 1966 və 1999–2002-ci illərdə müşahidə olunan intensiv meteor yağışları astronomların böyük marağına səbəb olub. Bu cür fırtınalar Yer kürəsinin kometin orbitindəki daha sıx hissəcik axınlarından keçməsi zamanı baş verir.
Lakin 2026-cı ildə Leonidlərin müşahidəsi zamanı güclü meteor fırtınası gözlənilmir.

