Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasında itkilərin sayı artmaqdadır.
Yeniera.az GZT-yə istinadən xəbər verir ki, ölkədə indiyədək 6 min 757 yoluxma faktı təsdiqlənib, virus səbəbindən həyatını itirənlərin sayı isə 3 min 267 nəfərə çatıb.
KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, epidemiya 6 əyalətin 61 bölgəsində tüğyan etməkdə davam edir.
Epidemiyada ölüm göstəricisi 48,3 faiz olaraq yenilənib. Son 24 saat ərzində yeni bir bölgədə yoluxma qeydə alınmayıb, daha 27 xəstə isə sağalıb. Cənubi Kivu əyalətində isə 98 gündür ki, təsdiqlənmiş yeni Ebola halı aşkar edilməyib.
Qeyd edək ki, bir növ qızdırmalı qanaxmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində eyni vaxtda baş qaldıran epidemiyalarla ortaya çıxıb. KDR-dəki epidemiya Ebola çayının yaxınlığındakı kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılmağa başlayıb. Qvineya, Liberiya və Syerra-Leonedə 2014-2017-ci illərdə tüğyan edən epidemiyada təxminən 30 min nəfər virusa yoluxubş, 11 mindən çox insan həyatını itirib.
KDR-in şərqindəki İturi əyalətində açıqlanan 246 şübhəli hal və 65 ölüm faktından sonra mayın 15-də ölkədə epidemiya elan olunub. Səhiyyə rəsmilərinin bildirdiyinə görə, may ayında alovlanan “Bundibugyo” Ebola variantının təsdiqlənmiş müalicəsi və ya peyvəndi yoxdur.
Musavat.com

