Dubay polisinin istifadəsinə yeni lüks avtomobil verilib.
Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət “Ferrari 812 Superfast” superkarından gedir.
Əsasən turizm zonalarında istifadə olunacaq avtomobil Bürc-Xəlifə, Şeyx Məhəmməd bin Raşid bulvarı və JBR sahilboyu ərazisində patrul xidməti aparacaq.
“Ferrari 812 Superfast” 6,5 litrlik V12 mühərriki ilə təchiz olunub. Avtomobilin gücü təkmilləşdirmələrdən sonra 800 at gücünə qədər çatdırılıb. Superkar 2,8 saniyəyə 100 km/saat-sürət yığa bilir, onun maksimal sürəti isə 345 km/saata çatır.
Qeyd edək ki, “Ferrari” brendi “812 Superfast” modelini 2017-ci ildən 2024-cü ilə qədər istehsal edib. Dubay polisi öz avtoparkını mütəmadi olaraq bu cür modellərlə zənginləşdirir. Bu avtomobillərdən əmirliyin turizm imicinin təbliğində istifadə edilir.





