Sosial şəbəkələrdə qısa müddətdə peşə sahibi olmağı vəd edən kursların reklamlarına tez-tez rast gəlinir. Bu dəfə isə söhbət insan sağlamlığı ilə birbaşa bağlı olan, xüsusi tibbi bilik və peşə hazırlığı tələb edən stomatologiyadan gedir.
YENİERA.az Baku TV-yə istinadən xəbər verir ki, “Alfa Woman Academy”də müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir, stomatologiya kursunun qiyməti isə 4 min manatdan 2 min manata endirilib.
İddialara görə, kurs çərçivəsində dişlərin müalicəsi və stomatoloji prosedurlar öyrədilir. Hətta təlimlər zamanı real xəstələr üzərində praktiki təcrübələrin keçirildiyi bildirilir.
Diqqətçəkən məqamlardan biri isə tibbi təhsili olmayan şəxslərə kursu bitirdikdən sonra stomatoloq kimi fəaliyyət göstərmək imkanının vəd edilməsidir.
Bəs stomatologiya üzrə təlimlər keçirən mərkəzlərin fəaliyyətinə necə nəzarət olunur? Real xəstələr üzərində praktiki təcrübələr hansı şərtlərlə aparıla bilər?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Analitik Ekspertiza Mərkəzi (AEM) özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət funksiyasını həyata keçirir.
Təhsil müəssisələrinin və ya təlim kurslarının təhsil sahəsindəki fəaliyyətinin, eləcə də onların verdiyi sertifikat və diplomların akkreditasiyasının yoxlanılması isə AEM-in səlahiyyətlərinə daxil deyil. Qurumdan qeyd edilib ki, tibbi təhsili olmayan şəxslərə stomatoloji prosedurların öyrədilməsi, real xəstələr üzərində praktiki məşğələlərin keçirilməsi və onların stomatoloq kimi fəaliyyət göstərə biləcəklərinin vəd edilməsi ilə bağlı iddialar təsdiqlənən tibbi fəaliyyət faktı kimi aşkarlanarsa, müvafiq yoxlama aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Vurğulanıb ki, aşkar olunan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti üzrə göndərilir. Analitik Ekspertiza Mərkəzinin açıqlamasına görə, tibbi təhsili və müvafiq sertifikasiyası olmayan şəxsin stomatoloji xidmət göstərməsi qanunvericiliyə ziddir.

