Texnologiya nəhəngi İlon Mask süni intellekt (AI) və humanoid robotların yaxın illərdə qlobal iqtisadi nizamı kökündən dəyişəcəyi ilə bağlı iddialı bəyanatlarını davam etdirir.
Yeniera.az xəbər verir ki, “The Economist” nəşrinə müsahibə verən milyarderin sözlərinə görə, təxminən 10 ildən sonra insanların dolanışıq üçün işləmək məcburiyyətində qalmadığı və pulun hazırkı əhəmiyyətini böyük ölçüdə itirəcəyi yeni bir era başlaya bilər.
Maskın ən çox səs-küyə səbəb olan proqnozu məhz 2036-cı illə bağlıdır.
Milyarder vurğulayıb ki, 10 ildən sonra süni intellekt və robot texnologiyaları bütün lazımi mal və xidmətləri kütləvi miqyasda istehsal etmək qabiliyyətinə çatacaq. Bu isə iqtisadiyyatda dönüş nöqtəsi olacaq:
“2036-cı ildə pulun heç bir əhəmiyyəti qalmayacaq”.
Maskın ssenarisinə əsasən, gələcəyin əmək bazarı iki əsas istiqamətdə dəyişəcək:
“Süni intellekt proqram təminatının yazılması, təhlil, maliyyə, hüquq və mühəndislik kimi intellektual sahələri tamamilə öz üzərinə götürəcək. Humanoid robotlar istehsalat, logistika, texniki xidmət və digər fiziki sahələrdə insan gücünü əvəzləyəcək. Bu gedişat insanların vaxt və əməyini sataraq gəlir əldə etdiyi klassik iş modelini tarixin arxivinə göməcək. Nəticədə işləmək həyati zərurət deyil, sırf şəxsi seçim və ya hobbi olacaq”.

