Mərmərə dənizində, Silivri sularında baş verən dəhşətli gəmi qəzası dənizçilik aləmini, bölgəni sarsıdıb. 10 nəfərlik heyəti ilə birgə sulara qərq olan “Tuğberk İmamoğlu” gəmisinin batması ilə bağlı araşdırmalar dərinləşdikcə, hadisənin pərdəarxası daha da müəmmalı xarakter alır. Ortaya çıxan son detallar isə sadəcə təəssüf deyil, ciddi suallar doğurur.
Musavat.com Türkiyə mətbuatına istinadla yazır ki, Türkiyənin Dənizçilik Baş İdarəsinin rəhbəri Ünal Baylanın açıqladığı məlumatlar qəzanın sirr pərdəsini daha da qalınlaşdırır. Məlum olur ki, “Alsu” tankeri ilə “Tuğberk İmamoğlu” quru yük gəmisi toqquşmazdan dəqiqələr əvvəl radio vasitəsilə bir-biri ilə əlaqə saxlayıblar. Deməli, hər 2 kapitan bir-birini görüb, manevr marşrutunu müzakirə edib və hərəkət istiqamətini güman ki, razılaşdırıb.
Bəs necə oldu ki, bir-birini görən, eyni dildə danışan və marşrutu dəqiqləşdirən iki böyük gəmi bir neçə dəqiqə sonra dəhşətli şəkildə toqquşdu? Razılaşdırılmış marşrutda hansı səhv buraxıldı, yaxud kapitanlardan biri son anda hansı ölümcül manevri etdi?
Sentyabrın 2-nə keçən gecə, saat 03:15 radələrində baş verən toqquşma ilə fövqəladə siqnalın alınması arasında cəmi 11 dəqiqəlik vaxt var. 4 199 ton polad yükü ilə dibə çökən gəmidən yayılan fəlakət siqnalı dənizin ortasında necə bir dəhşətin yaşandığını göstərir. Ən acınacaqlısı və mənəvi baxımdan ağır olanı isə dəniz səthində tapılan xilasetmə qayığının boş olmasıdır.
Bütün ümidlər indi havadan və dənizdən aparılan axtarışlara, bir də Silivri prokurorluğunun əlinə keçəcək səs yazılarına dikilib. İki kapitanın son sözləri, radarların qeydləri və rabitə lenti açılan kimi fəlakətin əsl günahkarı ortaya çıxacaq.

