Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Özünəinam və idman: Yeniyetmələr mənfi emosiyaların öhdəsindən necə gəlir?

Özünəinam və idman: Yeniyetmələr mənfi emosiyaların öhdəsindən necə gəlir?

Fiziki aktivlik yeniyetmələrin mənfi emosiyalarla mübarizəsinə kömək edir və stress zamanı yeməyə meyilliliyi azalda bilər. Araşdırmaya görə, idmanla daha çox məşğul olan yeniyetmələr emosional səbəblərdən daha az qida qəbul edirlər.

YENİERA.AZ xəbər verir ki, bu nəticəyə Çinin Şandun Universitetinin psixoloqları gəlib. Tədqiqatın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində Çinin Cinan şəhərindəki dörd məktəbdən 12-16 yaş arası 852 şagird sorğuda iştirak edib. Onlardan fiziki aktivlik, özünüqavrama, xarici görünüşlə bağlı narahatlıq və emosional yemək vərdişləri barədə sualları cavablandırmaq istənilib.

Nəticələr göstərib ki, fiziki aktivlik yeniyetmələrin öz xarici görünüşlərinə daha sakit yanaşması ilə əlaqəlidir. İdmanla məşğul olmaq, eyni zamanda, insanın özünü daha yaxşı tanımasına və özünə inamının möhkəmlənməsinə kömək edə bilər. Bu amillər isə mənfi emosiyalar zamanı yeməyə üz tutma ehtimalını azaldır.

Psixoloqların fikrincə, yeniyetməlik dövründə bu məsələ xüsusi əhəmiyyət daşıyır. Çünki həmin yaşlarda emosiyalar daha kəskin yaşanır, özünənəzarət bacarıqları hələ formalaşır və xarici görünüşlə bağlı başqalarının fikirlərinə həssaslıq artır. Stress zamanı yemək müvəqqəti rahatlıq yaratsa da, zamanla çəkiyə nəzarəti çətinləşdirə və ümumi rifaha mənfi təsir göstərə bilər.

Qeyd olunur ki, əvvəlki araşdırmalarda da qeyri-sabit özünüqavramanın uşaqlarda həddindən artıq yeməklə, xarici görünüşlə bağlı narahatlığın isə yeniyetmələrdə həyat məmnuniyyətinin azalması ilə əlaqəsi müəyyən edilib.

Tədqiqat müəllifləri hesab edirlər ki, məktəb idmanı həm emosional gərginliyin azalmasına, həm də yeniyetmələrdə özünəinamın güclənməsinə töhfə verə bilər. Bununla belə, müəyyən edilmiş əlaqələrin uzunmüddətli təsirini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

YENİERA.AZ

Paylaş: