Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanunun tələbidir.
Yeniera.az Unikal.az-a istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərəncam veriləcək. “Əmək pensiyaları haqqında” qanunun 29-cu maddəsinin 1-ci bəndinə əsasən, əmək pensiyasının sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əməkhaqqı 2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb və pensiya artımının da təxminən 9–9,2 faiz səviyyəsində olacağı gözlənilir.
Onun sözlərinə görə, indeksləşdirmədən sonra pensiyaçıların böyük hissəsinin aldığı pensiyalar orta hesabla 30–50 manat arasında artacaq. Artım yaşa görə, ailə başçısını itirməyə görə və əlilliyə görə əmək pensiyası alanların hamısına şamil ediləcək və təxminən 1,1 milyon nəfəri əhatə edəcək.
Ə.Məsimli qeyd edib ki, yanvar ayı üzrə artımlar fevral ayında ödəniləcək pensiya ilə birlikdə veriləcək. Yəni, pensiyaçılar fevralda həm yanvar, həm də fevral ayının artımını birlikdə alacaqlar.
Deputat həmçinin bildirib ki, sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı da 2026-cı ildə 5,6 faiz səviyyəsində indeksləşdiriləcək.
