Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın “ASAN xidmət” modelinin ölkəsinin digər bölgələrində də tətbiqi üçün dəstək istəyib.
Yeniera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri arasında bu gün baş tutan telefon danışığı zamanı bildirilib.
Şahbaz Şərif İslamabadda Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edib və təcrübənin Pakistanın digər bölgələrində də tətbiqi üçün Azərbaycanın dəstəyini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını bildirib.
Pakistanın Baş naziri dövlət başçısına təşəkkür edərək, Azərbaycanın dəstəyini iki ölkə arasında dostluq və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.

