Xətai rayonunun 9-cu Əhmədli küçəsində yaşayan sakinlər küçə işıqlandırılması probleminin uzun illərdir həll edilmədiyini iddia edirlər.
Ajans.az–a müraciət edən sakin bildirib ki, ərazinin işıqlandırılması ilə bağlı müxtəlif vaxtlarda Xətai Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib. Onun sözlərinə görə, müraciətlər aidiyyəti üzrə “Bakı Şəhər İşığı” qurumuna yönləndirilib, lakin məsələ ilə bağlı konkret nəticə əldə olunmayıb.
Sakin iddia edir ki, bir tərəfdən “Bakı Şəhər İşığı”nın hazırda mövcud işıq dirəklərinə xidmət göstərdiyi, yeni dirəklərin quraşdırılması və işıqlandırma işlərinin isə podratçı şirkətlər vasitəsilə həyata keçirildiyi bildirilib. Lakin onun sözlərinə görə, 9-cu Əhmədli küçəsində bu istiqamətdə işlər görülməyib.
“2017-ci ildən bəri müxtəlif vaxtlarda müraciət etmişəm. İcra hakimiyyəti rəsmi cavab olaraq məsələni ‘Bakı Şəhər İşığı’na yönləndirib. Oradan isə bildirilib ki, bununla onlar məşğul deyil. Xətai İcra Hakimiyyətində isə deyildi ki, ‘Bakı Şəhər İşığı’ hazır dirəklərə xidmət edir, yeni dirəklərin quraşdırılması üçün podratçı şirkətə müraciət olunur”, – sakin bildirib.
Onun sözlərinə görə, təxminən iki il əvvəl ərazidə müəyyən küçələrdə işıq dirəklərinə plafonlar quraşdırılmağa başlanılıb. Lakin işlər bütün ərazini əhatə etməyib.
“Bəzi küçələrdə işıqlandırma etdilər, amma bizə çatmadı. 9-cu Əhmədli küçəsində ümumiyyətlə bu işlər görülmədi. Maraqlananda da dedilər ki, edəcəyik. İki il bundan əvvəl belə demişdilər, bu günə qədər heç nə edilməyib”, – deyə sakin vurğulayıb.
Şikayətçinin sözlərinə görə, ötən il Xətai Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə görüşü zamanı da məsələni qaldırıb. Onun bildirdiyinə görə, həmin görüşdə rayon rəhbəri aidiyyəti şəxslərdən ərazidə işıqlandırmanın niyə olmadığını soruşub və işlərin mərhələli şəkildə həyata keçirildiyi bildirilib.
Sakin isə bu izahın problemin uzun müddətdir davam etməsi fonunda qənaətbəxş olmadığını deyir:
“Dedim ki, artıq 9 ildir gözləyirik. Mərhələli şəkildə necə baş verir bu iş? 9 ildir gözləyirik”.
Müraciət edən şəxs bildirir ki, bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sakinlərlə görüşü zamanı da məhəllələrin işıqlandırılması məsələsi qaldırılıb. Onun sözlərinə görə, həmin vaxt da bəzi ərazilərdə işıqlandırma aparılsa da, 9-cu Əhmədli küçəsində problem həll olunmayıb.
Sakin həmçinin 2011-ci ildə Bakı şəhərinin, o cümlədən Bakı kəndlərinin abadlaşdırılması və infrastruktur işləri ilə bağlı sərəncam verildiyini, bu istiqamətdə büdcədən vəsait ayrıldığını xatırladıb. O, Xətai Rayon İcra Hakimiyyətinin müxtəlif illərdə yaydığı məlumatlarda ərazidə müəyyən abadlıq işlərinin aparıldığının bildirildiyini, buna baxmayaraq küçə işıqlandırılması probleminin bu günədək həll edilmədiyini qeyd edib.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı məhəllə sakinlərinin imzaları da toplanaraq aidiyyəti qurumlara müraciətlər edilib.
O, həmçinin ötən il Xətai rayonunda kanalizasiya xəttində baş verən qəza və çökmələrlə bağlı sakinlərin problemlərinin işıqlandırılması məqsədilə edilən müraciətlərdən sonra da aidiyyəti şəxslərə yazdığını bildirib.
“Bu məsələ ilə bağlı sənədləri də göndərmişəm. Amma indiyədək əraziyə baxış keçirən, maraqlanan olmayıb. Yenidən müraciət edirəm ki, məsələnin həllinə köməklik göstərilsin”, – deyə sakin bildirib.
Qeyd edək ki, şikayətçinin təqdim etdiyi sənədlərdə müxtəlif illərdə aidiyyəti qurumlara edilən müraciətlər əks olunub.



