Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul edilib.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.
Tarixi ədalətin bərpası istiqamətində ilk addım Naxçıvan Muxtar Respublikasında atılıb: 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə üçrəngli bayraq bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə həmin bayraq müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı elan olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmçinin prezidentin təşəbbüsü ilə Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu əlamətdar gün qeyri-iş günü hesab edilir.

