Gədəbəy rayon, Qumlu kənd sakini Məmmədova Mikinat İbrahim qızı qonşusundan şikayətçidir.
Bu barədə o, Yeniera.az-ın redaksiyasına müraciət edib.
Şikayətçi bildirir ki, qonşusu Brilliant adlı xanım onların evinə gedən yolu qanunsuz zəbt edərək tikinti işləri aparıb.
Şikayətçi qadının sözlərinə görə, qonşusu onlara gələn yolun 51 metrlik ərazisində hasar çəkərək faktiki gediş-gəlişi məhdudlaşdırıb.
Qadın iddia edir ki, qonşusu bu işləri qanunsuz şəkildə həyata keçirib və bu işdə ona şəhər bələdiyyəsinin sədri Zülfüqar Yusifoğlu kömək edib.
Şikayətçi vurğulayır ki, onlara məxsus 10 sot torpaq sahəsinin 4 sotunu başqa şəxsə satıblar.
Hazırda onların evinin yerləşdiyi 6 sotluq əraziyə giriş mümkünsüzdür.
Zərərçəkdiyini deyən qadın media vasitəsilə aidiyyatı qurumlardan da onlara dəstək göstərilməsini xahiş edir və bildirir ki, artıq bu vəziyyət 6 ildir ki, davam edir.
Qadın ümid edir ki, yaranmış mövcud halla əlaqədar aidiyyatı qurumlar məsələyə biganə yanaşmayacaq, onların problemi qısa müddət ərzində həllini tapacaq.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinə sorğu göndərilsə də, cavabsız qaldı.
Gülnar Həmidova
YENİERA.AZ

