Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər.
YENİERA.az Musavat.com-a istinadən xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını “e-Devlet” portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsal kodla təsdiqləməli olacaqlar. 15 yaşdan kiçiklərin müraciətləri rədd ediləcək.
Mövcud hesabların yoxlanılması üçün platformalara 31 mart 2027-ci ilədək vaxt verilib. Yaşı 15-dən az olan istifadəçilərin hesabları bağlanacaq.
15-17 yaşlı istifadəçilərin hesabları isə gizli olacaq. Onlar yalnız izlədikləri hesablardan mesaj ala biləcək və canlı yayım aça bilməyəcəklər. Həmçinin, uşaqların şəxsi məlumatlarından fərdiləşdirilmiş reklam məqsədilə istifadə olunması qadağan ediləcək.
Yeni qaydalar valideynlərə də övladlarının sosial mediada keçirdiyi vaxta nəzarət etmək, alış-veriş və ödənişli əməliyyatlara məhdudiyyət qoymaq imkanı verəcək.

