Dietoloq Yelena Ustinova yuxu keyfiyyətini yaxşılaşdırmaq və gecə aclıq hissinin qarşısını almaq üçün axşam yeməyində hansı qidalara üstünlük verilməli olduğunu açıqlayıb.
YENİERA.AZ xəbər verir ki, həkim bu barədə gazeta.ru nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, axşam yeməyinin əsasını yağsız protein mənbələri təşkil edə bilər. Bunlara sobada bişirilmiş balıq, dərisiz toyuq əti, yumurta, kəsmik və tofu daxildir. Dietoloq bu qidaları pörtlədilmiş, sobada bişirilmiş və ya buğda hazırlanmış tərəvəzlərlə birlikdə qəbul etməyi tövsiyə edib.
Ustinovanın məsləhət gördüyü yemək seçimləri arasında tərəvəzlə balıq, göyərtili omlet, qarabaşaq yarması ilə quş əti, həmçinin hinduşka ilə hazırlanmış tərəvəz yeməkləri də var.
Həkim bildirib ki, axşam yeməyindən tamamilə imtina etmək düzgün deyil. Belə ki, aclıq hissi yuxuya getməyi çətinləşdirə və gecə saatlarında əlavə qida qəbuluna səbəb ola bilər.
Dietoloq yatmazdan əvvəl həddindən artıq yeməkdən çəkinməyi, yağlı və qızardılmış yeməkləri, hisə verilmiş məhsulları, acı sousları, alkoqollu və qazlı içkiləri məhdudlaşdırmağı tövsiyə edib.
Onun sözlərinə görə, axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək daha məqsədəuyğundur. Mədə yanmasına meyilli şəxslər isə yeməklə yuxu arasında 3-4 saat fasilə saxlamalıdırlar.
Yatmazdan əvvəl aclıq hissi yaranarsa, az miqdarda təbii yoqurt və ya kəsmik yemək mümkündür.
YENİERA.AZ

