“Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır və ölkəmiz beynəlxalq enerji təminatında əsas oyunçulardan və tərəfdaşlardan birinə çevrilir. Bu məqamlar onu göstərir ki, bu gün üzərində işlədiyimiz qanun layihəsi 30-40 il müddətini əhatə etməklə məhdudlaşmır. Bu layihə Prezident İlham Əliyevin şəxsi göstərişlərinə əsaslanan Azərbaycanın etibarlı tərəfdaş olmasının və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsinin nümunəsidir”.
YENİERA.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov bildirdi.
Deputat nəzərə çatdırdı ki, cənab Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, biz xarici investorları cəlb etməklə iqtisadi gücümüzü artırırıq:
“Eyni zamanda, bu iqtisadi gücü və beynəlxalq nüfuzu iqtisadi tərəqqiyə çevirə bilirik. Doğrudan da, bugünkü qanun layihəsində nəzərdə tutulan Maliyyə Fondunda 9,22 milyard dollar həcmində kifayət qədər vəsait var. Digər tərəfdən, gələcəkdə əlavə 6 milyard kubmetr qaz hasil olunacaq. Bu da ixrac imkanlarımızı artırır. İxrac imkanlarının genişlənməsi maliyyə gəlirlərimizin artması, müsbət ticarət balansının qorunması deməkdir. Ən nəhayət, bu layihə Azərbaycanın iqtisadiyyatının inkişafına və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcək.
Konkret olaraq layihənin hazırda həyata keçirildiyi məkana – Qaradağ rayonunun Səngəçal qəsəbəsinə diqqət çəkmək istərdim. Tikinti prosesində 1500-2000 nəfərə qədər insan işə cəlb olunur. Sonrakı mərhələlərdə, qaz emalı zavodunun inşası başa çatdıqdan sonra məşğulluğun daha da artacağını, rayonda yeni iş yerlərinin yaranacağını hesab edirəm. Onu da qeyd edək ki, yerli icma ilə görüşlər keçirilir. Mən də yerli icma nümayəndələri ilə görüşlərdə iştirak etmişəm. Həmin görüşlərdə kənd sovetində müəyyən sosial problemlərin həllində iştirak edəcəklərini öhdəlik kimi götürüblər. Hesab edirəm ki, bu sahədə də real işlər görüləcək. Bir məsələni də qeyd edim ki, kəmər çəkildikdən sonra onun balıqçıların fəaliyyətinə müəyyən təsirləri ola bilər. Hesab edirəm ki, layihənin icazə verilmiş qaydada həyata keçirilməsi ilə yanaşı, sonrakı mərhələlərdə balıqçılar üçün də müvafiq şərait yaradılacaq”.

