Rusiyanın Xakasiya bölgəsində arxeoloqlar təxminən 11 min il əvvələ aid olduğu ehtimal edilən qayaüstü rəsmlər aşkar ediblər.
YENİERA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleometal arxeologiyası şöbəsinin müdiri, akademik Vyaçeslav Molodin RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, arxeoloqlar Şalabolinskaya qayaüstü təsvirlər kompleksində aparılan tədqiqatlar zamanı əvvəllər mamır və şibyələrin altında qalan yeni rəsmlər aşkar ediblər. Tədqiqatçılar məlum qayaüstü təsvirləri təmizləmək üçün müasir üsullardan istifadə ediblər və bu prosesdə indiyədək görünməyən təsvirlər üzə çıxıb.
Akademik qeyd edib ki, tapıntıların qədim dövrə aid olduğunu onların üslubu göstərir. Qayaların üzərində bir-birinin üzərini örtən heyvan fiqurları təsvir olunub. Molodinin sözlərinə görə, heyvanların müxtəlif dövrlərdə fərqli formalarda təsvir edilməsi bu rəsmlərin çox qədim olduğunu deməyə əsas verir.
İlkin qiymətləndirməyə əsasən, təsvirlər pleystosen dövrünün sonu ilə holosen dövrünün əvvəlinə, təxminən 11 min il əvvələ aid edilir. Arxeoloqlar hesab edirlər ki, bu rəsmlər Minusinsk çökəkliyində indiyədək aşkar edilmiş ən qədim qayaüstü təsvirlər ola bilər.
YENİERA.AZ

