Bir müddət əvvəl rəhbəri həbs olunan “Həyat üçün şans” reabilitasiya mərkəzi ilə bağlı daha bir qalmaqal üzə çıxıb.
Yeniera.az xəbər verir ki, reabilitasiya mərkəzinin Zığ qəsəbəsi ərazisində yerləşən filialında müalicə alan şəxslərin qanunsuz azadlıqdan məhrum edildiyi müəyyənləşib.
Cinayət Məcəlləsinin bir neçə şəxsi qanunsuz azadlıqdan məhrumetmə maddəsi içə “Həyat üçün şans” reabilitasiya mərkəzinin iki rəhbər şəxsi – Məmmədova İlknur və Əliyeva Rasimə cinayət məsuliyyətinə cəlb olunub.
Məlum olub ki, müalicə adı altında mərkəzə yerləşdirilən şəxslər bir müddət sonra baş verənlərə görə orada qalmaqdan imtina edərək evlərinə qayıtmaq istəyiblər.
Rasimə ilə İlknur isə mərkəzin həyətində tikilən, dəmir barmaqlıqlar vurulan, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evə salaraq, onları qanunsuz qapalı şəraitdə saxlayıblar. Zərərçəkənlərdən biri yeniyetmə olub.
Hadisə üzrə zərərçəkənlər ifadəsində bildirib ki, mərkəzdən getmək istəyərkən işgəncələrə məruz qalıblar. Kimisi döyülüb, kimisinin üzərinə soyuq su vurulub. Hərəkəti məhdudlaşdırılan zərərçəkənlər qapıya və pəncərəyə yaxınlaşa bilməyiblər.
Cərimə olaraq isə “özbaşınılıq, bu xəstəliyə qarşı çıxmaq deyilənlərə əməl etməmək deməkdir” cümləsini 500 dəfə yazmaq tapşırılıb. Müalicə alan şəxslər bu cümlənin yazılışında hər hansı hərf səhvinə yol verdiyi halda yenidən yazmağa başlamalı olublar.
Bundan başqa, mərkəzdə düyünü, qarabaşaqı və mərcini bir qaba dolduraq, onları bir-birindən ayırmağa məcbur ediblər. Bundan başqa, əzablar arasında şüşə qapağı ilə bir mərtəbədən digər mərtəbəyə su daşımaq da olub.
Bəzən soyuducunun dondurucusundan çıxarılan buz kimi suyu da zərərçəkənlərin başına töküblər. Eyni zamanda gecələr qəfil yuxudan oyadılıb səhərə qədər yazılar yazdırmaq da tətbiq edilən cəzalar arasında olub.
Mərkəzə müalicə üçün yerləşdirilən şəxslər daha sonra işgəncələrə dözməyərək oradan qaçmağa müvəffəq olublar.
Bu iş üzrə təqsirləndirilən qadınların məhkəməsi artıq başa çatıb. Məhkəmənin hökmünə əsasən, hər iki şəxs üç il müddətinə azadlqdan məhrum edilib. Qadınların cəzası himayələrində olan uşaqların 14 yaşına çatana qədər təxirə salınıb.
Fotod Elgiz Alxanov
Qeyd edək ki, “Həyat üçün şans” reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərin mərkəzin əsas rəhbəri Elxiz Alxanov ötən ilin sonunda 10 il 6 ay müddətinə həbs olunub. O, Abşeron rayonunda yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Zərdan oğlu Həsənovun ölümündə ittiham olunub./Xitab24.az/

