ABŞ-nin 21 ştatı və Pensilvaniya qubernatoru federal mənzil yardımını məhdudlaşdıran yeni qaydaya görə ABŞ Mənzil və Şəhərsalma Departamentini (HUD) məhkəməyə verib.
YENİERA.AZ bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Kaliforniya, Nyu-York, Arizona və Massaçusetsin də qoşulduğu iddiada yeni tələblərin ailələrin parçalanmasına və ABŞ vətəndaşlarının dövlət mənzillərindən çıxarılmasına səbəb olacağı bildirilir.
Dekabrın 14-də qüvvəyə minəcək qaydaya əsasən, ailə üzvlərindən ən azı biri tələb olunan vətəndaşlıq və ya immiqrasiya statusuna malik deyilsə, həmin ailəyə federal mənzil yardımı göstərilməyəcək. Bundan başqa, mənzil idarələri və özəl ev sahibləri yoxlamadan keçə bilməyən sakinlər barədə ABŞ Vətən Təhlükəsizliyi Departamentinə məlumat verməli olacaqlar.
Kaliforniya Baş Prokuroru Rob Bonta qərarı qəddar və qanunsuz adlandıraraq, dəyişikliyin təkcə bu ştatda təxminən 7 min ailəyə təsir edəcəyini vurğulayıb.
HUD administratoru Skott Turner isə addımı müdafiə edib. O, yeni qaydanın vergi ödəyicilərinin vəsaitlərindən sui-istifadənin qarşısını alacağını və 218 milyon dollara qədər vəsaitin mənzil növbəsində gözləyən amerikalılara yönəldiləcəyini bildirib.
YENİERA.AZ

