Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9000 ▼0.0019
  • 100 RUB 2.1118 ▲0.0195
  • GBP 2.2769 ▲0.0009
  • TRY 0.0340
  • CNY 0.2557 ▲0.0004
  • GEL 0.6561 ▲0.0010
  • 100 KZT 0.3743 ▼0.0010
  • UAH 0.0375
  • AED 0.4628
Özəl

Keçmiş pilotdan 54 minlik dələduzluq – Rusiya vətəndaşı olan xanım kömək istəyir

Keçmiş pilotdan 54 minlik dələduzluq – Rusiya vətəndaşı olan xanım kömək istəyir

Son zamanlar Azərbaycanda dələduzluq halları ilə bağlı şikayətlər diqqət çəkir. Təəssüf ki, bəzi vətəndaşlar müxtəlif vədlərə inanaraq maddi ziyana uğrayırlar.

Belə şikayətlərdən biri də Yeniera.az-ın redaksiyasına daxil olub. Adının açıqlanmasını istəməyən Rusiya Federasiyası vətəndaşı xanım keçmiş hərbi pilot Məmmədov Araz Fərman oğlu tərəfindən ümumilikdə 54 min manat məbləğində dələduzluğa məruz qaldığını iddia edib.

Xanım şikayətçinin bildirdiyinə görə, Məmmədov Araz iyun ayında xanıma biznes qurmaq təklifi edib. Tərəflərin öz arasında yazılı müqavilə imzalanıb.

İddialara əsasən, müqavilədə tərəflərdən hər hansı birinin əməkdaşlığı davam etdirmək istəmədiyi halda, müqavilədə göstərilən məbləği geri alaraq biznesdən çıxa bilməsi də qeyd edilib.

Bir müddət sonra Rusiya Federasiyası vətəndaşı olan xanım birgə fəaliyyəti dayandırmaq qərarına gəlib. O, biznesə yatırdığı 48 min manatın geri qaytarılmasını və obyektin Araza təhvil verilməsini istəyib.

Şikayətçinin sözlərinə görə, Məmmədov Araz onunla razılaşaraq pulu geri qaytaracağını vəd edib. Lakin xanımın iddiasına görə, təxminən 4 aya yaxındır ki, vəsait ona ödənilmir.

Müxtəlif vədlər verilib

Şikayətçi xanım Rusiya vətəndaşı olduğu üçün hazırda Bakıda çətin vəziyyətdə qaldığını bildirir. Onun sözlərinə görə, dəfələrlə pulunu tələb etsə də, qarşı tərəf müxtəlif bəhanələr gətirərək ödənişi gecikdirib.

Bundan savayı, xanım şikayətçi özünəməxsus olduğunu deyən 500-600 manat civarında qiyməti olan toyuq qril avadanlığının təmir bəhanəsi ilə Məmmədov Araz tərəfindən aparılaraq geri qaytarılmadığını əlavə edib.

Xanımın iddiasına əsasən, Məmmədov Araz əvvəlcə Buzovna qəsəbəsində həyət evinin olduğunu və həmin evi iki həftə ərzində sataraq borcunu qaytaracağını deyib. Lakin sonradan bu məlumatın da həqiqəti əks etdirmədiyi məlum olub.

Daha sonra onun həyat yoldaşına məxsus avtomobili sataraq borcu ödəyəcəyini vəd etdiyi bildirilir. Lakin bu vəd də yerinə yetirilməyib.

Xanım həmçinin qeyd edir ki, Məmmədov Araz müəyyən müddət ərzində maddi vəziyyətini düzəldənədək ona gündəlik 50 manat ödəyəcəyini bildirib. İlk günlərdə iki-üç dəfə ödəniş edilsə də, sonradan bu ödənişlər də dayandırılıb.

Şikayətçinin sözlərinə görə, tərəflərin birgə biznes qurduğu, “Qara Qarayev” metro stansiyasının çıxışında yerləşən “Albatros” adlı restoran hazırda da fəaliyyət göstərir. Xanım Məmmədov Arazın faktiki olaraq həmin obyekti idarə etdiyini iddia edir.

O, qarşı tərəfin biznes fəaliyyətini davam etdirməsinə baxmayaraq, ona məxsus vəsaiti qaytarmaqdan yayındığını deyir. Şikayətçi Məmmədov Arazın ailə üzvlərinə də müraciət etdiyini, lakin bunun da nəticə vermədiyini bildirir.

Daha 6 min manatlıq borc

Şikayətçinin bildirdiyinə görə, 48 min borcu olmasına baxmayaraq Məmmədov Araz sonradan xanıma zəng edərək bir həftə müddətinə 6 min manata ehtiyacı olduğunu deyib və kömək istəyib. Bununla da Arazın xanıma olan borcu 54 min manat olaraq hesablanıb.

Xanım özünün də maddi çətinlik içində olduğunu, əlindəki vəsaiti artıq birgə biznesə yatırdığını bildirsə də, iddiaya əsasən, Məmmədov Araz müxtəlif yollarla onu razı salıb və nəticədə xanım Azərbaycan vətəndaşı olan rəfiqəsindən 6 min manat alaraq ona verib.

Şikayətçinin sözlərinə görə, bir həftə sonra vəsaitin qaytarılacağına dair vədin yerinə yetirilmədiyi məlum olub.

Şikayətçi aidiyyəti qurumlardan kömək istəyir

Hazırda çətin vəziyyətdə olduğunu bildirən Rusiya vətəndaşı son ümid yeri kimi məsələnin mediada işıqlandırılmasını istəyib.

O, Məmmədov Arazla aralarındakı işgüzar münasibətləri təsdiqləyən video və audio materialların olduğunu, həmin materialları aidiyyəti dövlət qurumlarına təqdim etməyə hazır olduğunu bildirib.

Şikayətçi Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova videomüraciət ünvanlamağı planlaşdırdığını da qeyd edib.

Xanım aidiyyəti qurumlardan məsələnin obyektiv və şəffaf araşdırılmasını, iddia etdiyi hallara hüquqi qiymət verilməsini və ona dəymiş maddi ziyanın geri qaytarılması üçün köməklik göstərilməsini xahiş edir.

“Ümid edirəm ki, mənə qarşı edilən əməllər şəffaf şəkildə araşdırılacaq və mənə dəymiş külli miqdarda maddi ziyan geri ödəniləcək”, — deyə şikayətçi bildirib.

Yeniera.az məsələ ilə bağlı Məmmədov Arazla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında xanıma borclu olduğunu etiraf edib, lakin başqa heç nə deməyib.

Məsələni diqqətdə saxlayacağıq.

Paylaş: