Fransa prezidentliyinə namizəd, solçu “Tabe olmayan Fransa” partiyasının lideri Jan-Lük Melanşon Almaniyanın Avropanın ən böyük ordusunu yaratmaq planlarını tənqid edib.
Yeniera.az xəbər verir ki, siyasətçi Berlinə səfəri ərəfəsində Almaniyanın yenidən silahlanma siyasətinin məqsədlərini sual altına alıb.
“Almaniyanın Avropanın ən böyük nizami ordusunu yaratmaq vədinə razı deyiləm. Əgər belədirsə, onda soruşmalıyam: bu ordu kiminlə müharibə aparmaq istəyir?” – deyə Melanşon Birinci Dünya müharibəsində Fransa ilə Almaniya arasında döyüşlərin başa çatmasını qeyd edən Barışıq Günündə bildirib.
“Politico” nəşrinin yazdığına görə, Melanşonun Berlinə yönələn tənqidlərinin arxasında Almaniyanın Avropada hegemon mövqeyə sahib olmasına dair uzun müddətdir səsləndirdiyi fikirlər dayanır. Onun rəhbərlik etdiyi partiya Fransa-Almaniya birgə müdafiə layihələrinə də qarşı çıxır. Partiya hesab edir ki, bu layihələr Fransa şirkətlərinin maraqlarına zidd olaraq Almaniyanın mövqeyini gücləndirir. Melanşon daha əvvəl Fransanı NATO-dan çıxarmaq vədini də səsləndirib.
Nəşrin məlumatına görə, Melanşonun mövqeyini Fransa siyasətinin bəzi digər nümayəndələri də bölüşür. Noyabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, fransızların 71 faizi Almaniyanı müttəfiq hesab edir. Bu göstərici ötən illə müqayisədə 6 faiz bəndi azdır. Fransanın ifrat sağçı siyasətçisi Marin Le Pen də “Alman Avropası” dövrünə son qoymaq istədiyini bəyan edib.
Gözlənilir ki, Melanşon cümə günü Berlində Fransa və Avropanın gələcəyinə dair baxışlarını əks etdirən kitabının alman dilinə tərcüməsini təqdim edəcək. Tədbir Almaniyanın Sol Partiyası ilə əlaqəli Roza Lüksemburq Fondunun dəstəyi ilə təşkil olunacaq.

