“Unibank”ın müştərisi ödəniş terminalı vasitəsilə bank kartına mədaxil etdiyi vəsaitin hesabına daxil olmamasından və problemin operativ həll edilməməsindən şikayətlənib.
Yeniera.az xəbər verir ki, bu barədə bankın müştərisi Ləman Nazili sosial şəbəkədə paylaşım edib.
Müştərinin sözlərinə görə, “eManat” ödəniş terminalı vasitəsilə kartına mədaxil etdiyi 70 manat hesabına daxil olmayıb. Bununla bağlı bankın dəstək xidmətinə müraciət edən müştəridən şəxsiyyət vəsiqəsi, FİN kod, selfi və digər məlumatlar tələb olunub.
Müştəri tələb olunan məlumatları təqdim etdikdən sonra ona kart üzrə illik mədaxil limitinin dolduğu bildirilib.
Bankın dəstək xidməti vəsaitin müştəriyə məxsus digər “Unibank” kartına köçürülməsinin mümkün olduğunu, lakin bunun üçün filiala yaxınlaşmağın zəruriliyini qeyd edib.
Müştəri filiala getmək imkanının olmadığını bildirdikdən təxminən 5 saat sonra ona bir neçə gün ərzində görüntülü zəng vasitəsilə əlaqə saxlanılacağı bildirilib.
Şikayətçi problemin operativ həll edilməməsindən və bankın müştəri xidmətinin fəaliyyətindən narazılığını ifadə edib.
“Unibank” tərəfindən sözügedən paylaşıma hələlik hər hansı reaksiya verilməyib.///Plat.az

