Litvanın xarici işlər naziri Kestutis Budris bildirdi ki, Litva Aİ Şurasının sədri kimi Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək.
Sadələşmə deyildikdə nə nəzərdə tutulur?
Mövzu ilə bağlı Yeniera.az-a açıqlamasında turizm eksperti Cəfər Qarayev bildirdi ki, Kestutis Budris bu açıqlama ilə Litvanın Azərbaycan vətəndaşları üçün Şengen vizasının alınmasını asanlaşdırmağa siyasi dəstəyini ifadə edir:

“Litva 2027-ci il yanvarın 1-də Aİ Şurasına sədrliyə başlayacaq və həmin dövrdə bu məsələni digər üzv ölkələrlə müzakirə edə bilər. Nazirin sözlərinə görə, danışıqlar hələ ilkin mərhələdədir. Vizasız səfər barədə qərar açıqlanmayıb. Turizm sektorunun nümayəndəsi kimi mənim üçün “sadələşmə” o zaman real nəticə verər ki, vətəndaş sənədlərini təqdim etmək üçün daha tez qəbul vaxtı tapa bilsin, müraciətinə daha qısa müddətdə cavab alsın. Digər mühüm addım əvvəlki vizalarından qaydalara uyğun istifadə edən şəxslərə daha uzunmüddətli, çoxgirişli vizaların daha geniş verilməsi olardı. Məsələn, ildə bir neçə dəfə Avropaya səfər üçün yenidən sənəd toplamalı olmazdı. Bunlar turizm sektoru baxımından gözləntilərimizdir. Konkret güzəştlər və onların tətbiq tarixi hələ açıqlanmayıb”.
YENİERA.AZ

