“Kristal” şirkətinin tikinti sahələrində çalışan işçilər əmək şəraiti, iş saatlarının uzadılması və əməyin mühafizəsi qaydalarına əməl olunmaması ilə bağlı ciddi narazılıqlarını ifadə edirlər.
İşçilərin AFN.az-a verdiyi məlumata görə, əmək müqavilələrində iş vaxtı 09:00-dan 17:00-dək göstərilsə də, faktiki olaraq onlardan səhər saat 08:00-dan axşam 18:00-dək işləmək tələb olunur.
Əməkdaşların iddiasına görə, işə cəmi bir neçə dəqiqə gecikdikdə belə onlara dərhal cərimə tətbiq edilir. Bununla yanaşı, bəzi hallarda nahar və çay fasilələri zamanı da işlərini davam etdirməyə məcbur edilirlər. İşçilər əlavə iş saatlarının qarşılığının isə lazımi qaydada ödənilmədiyini bildirirlər: “Bütün bunlara yenə dözmək olar, məsələ ondadır ki, bizim həyatımız şirkət rəhbərliyi üçün çox “ucuzdur”. Əlverişsiz və təhlükəli hava şəraitində tikinti işlərinin, o cümlədən kran əməliyyatlarının davam etdirilməsi artıq “Kristal” üçün adi hala çevrilib. Küləyin sürəti artdıqda işlər dayandırılmalıdır, bu, qanundur. Lakin şirkət rəhbərliyi bu qanunu da heçə sayır. Tikinti prosesi də, kranla əməliyyatlar da küləkli günlərdə davam edir. Həm işçilərə, həm ətrafdakı yaşayış binalarına, obyektlərinə təhlükə yaranır”.
İşçilər bildirirlər ki, əmək şəraiti və təhlükəsizliklə bağlı narazılıqlarını rəhbərliyə çatdırdıqda işdən çıxarılmaqla hədələnirlər: “Kredit öhdəliklərimiz, ailə xərclərimiz və yaxınlarımızın müalicəsi ilə bağlı maliyyə çətinlikləri isə bizi məcbur duruma salıb. İş yerimizi itirmək qorxusu ilə mövcud vəziyyətə qatlaşmalıyıq”.
Narazı işçilər aidiyyəti dövlət qurumlarına müraciət edərək “Kristal” şirkətinin tikinti sahələrində əvvəlcədən xəbərdarlıq edilmədən yoxlamaların aparılmasını istəyirlər. Onlar əmək müqavilələrinin şərtlərinə, iş vaxtına, istirahət fasilələrinə və əməyin mühafizəsi normalarına əməl olunmasının yerində araşdırılmasını tələb edirlər.
Qeyd edilənlərlə bağlı şirkətə ünvanladığımız sorğuya hələ ki, cavab verilməyib.

