Türkiyənin müdafiə naziri Yaşar Gülər amerikalı həmkarı Pit Heqsetlə Rusiyadan alınan S-400 zenit-raket kompleksləri ətrafında yaranmış mübahisənin həlli yollarını müzakirə edəcək.
Yeniera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, görüş noyabrın 30-na planlaşdırılıb. Danışıqlar dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında baş tuta biləcək görüşdən əvvəl keçiriləcək.
Danışıqların əsas mövzusu Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması olacaq. Türkiyə 2019-cu ildə bu sistemləri əldə etdikdən sonra ABŞ onu F-35 qırıcılarının istehsalı və tədarükü proqramından kənarlaşdırıb. Vaşinqton S-400 sistemlərinin F-35 təyyarələrinin məxfi texnologiyalarına təhlükə yarada biləcəyindən ehtiyat edirdi.
Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Fuad Oktayın sözlərinə görə, Ankara yanvar ayında demokratların Konqresə nəzarəti ələ almasından əvvəl mübahisənin həllinə nail olmaq imkanını görür. O hesab edir ki, demokrat qanunvericilər Türkiyənin F-35 proqramına qaytarılmasına daha skeptik yanaşa bilərlər.
Oktay həmçinin ABŞ və Rusiya arasında S-400 məsələsi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, Ankara S-400 sistemlərini fəaliyyətsiz vəziyyətə gətirmək və ya bu sistemlər üzərində nəzarəti itirmək imkanı verən alternativ variantları nəzərdən keçirib. Bununla belə, təklif olunan variantlardan hər hansı birinin Türkiyənin S-400-lərə sahib olduğu müddətdə F-35 təyyarələrinin tədarükünü qadağan edən ABŞ qanunvericiliyinin tələblərinə uyğun olub-olmayacağı hələ məlum deyil.
YENİERA.AZ

